Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Cins nisbətinin pozulmasına qarşı plan hazırlanacaq

  • 2017.12.26 16:37
  • 13839 Baxış
Cins nisbətinin pozulmasına qarşı plan hazırlanacaq
Azərbaycanda Hökumət və BMT-nin Əhali Fondunun əməkdaşlığı ilə doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Milli Fəaliyyət Planı hazırlanacaq.


Medicina.az xəbər verir ki, bunu trend-ə BMT Əhali Fondu tərəfindən dəvət edilmiş ekspert, ABŞ-ın Meriland Universitetinin professoru, demoqrafiya sahəsi üzrə tədqiqatçı Monika Das Qupta deyib.


O əlavə edib ki, Azərbaycanda oğlan uşaqlarına verilən üstünlük və bunun nəticəsində reallaşdırılan selektiv abortların geniş yayılması Milli Fəaliyyət Planının hazırlanması zərurətini yaradıb.


Hazırda bu istiqamətdə işlərin aparıldığını deyən M.Das Qupta qeyd edib ki, sənəd layihəsi müzakirə üçün dövlət qurumlarına da təqdim ediləcək.


Tədqiqatçı qeyd edib ki, cins nisbətinin pozulması gələcəkdə ailə həyatı qurmaq istəyən kişilər üçün qadın çatışmazlığı problemi yaratmaqla yanaşı, ölkədə gender bərabərsizliyi, zorakılıq, erkən nikah, insan alverinin, kriminal səviyyənin artmasına da rəvac verir.


Lakin bu vəziyyətin dəyişdirilə biləcəyini deyən M.Das Qupta Cənubi Koreyada da əvvəllər cins nisbətinin çox yüksək səviyyədə pozulduğunu, görülən tədbirlər sayəsində artıq vəziyyətin normal həddə qaytarıldığını nəzərə çatdırıb.


M.Das Quptanın sözlərinə görə, cins nisbətinin pozulma vəziyyətini öyrənmək üçün ilk növbədə onu yaradan səbəbi müəyyən etmək lazımdır:


"İnsanlar ilk növbədə belə hesab edirlər ki, oğlan övladı onlar üçün daha münasibdir. Çünki oğlan övladları gələcəkdə onlara maliyyə yardımı göstərir. Cənub-Şərqi Asiya ölkələrində keçirilən ictmai rəylərə görə, yaşlı insanların 50 faizi oğulları, 50 faizi ailə qurmuş qızları ilə qalırlar. Həm Azərbaycan, həm Ermənistan, həm də Gürcüstanda insanlar belə hesab edirlər ki, onlar gələcəkdə oğul övladından asılı olacaqlar. Qızları köçəri quşlara bənzədirlər, çünki onlar ailə qurduqdan sonra ata evini tərk edib həyat yoldaşlarının ailə üzvünə çevrilirlər. Buna görə də Azərbaycanda 4-5 uşaqdan biri oğlan olur. Ailədə ilk uşaq qız olduqda 2-ci uşağın oğlan olması üçün müəyyən cəhdlər edilir”.


M.Das Qupta hesab edir ki, cins nisbətinin pozulmasının qarşısını almaq üçün Azərbaycan hökumətinə bəzi tövsiyələrini verə bilər. Bunlara qadınlara təhsildə, iş yerlərində, ictimai həyatda və s. geniş imkanların yaradılması, oğlan uşağına verilən üstünlüyə səbəb olan stereotiplərin aradan qaldırılması, qadınların iqtisadi asılılığının azaldılması, daha yüksək məvacibli işlərə cəlb etmək üçün tədbirlərin keçirilməsi və s. daxildir.


Ekspertin fikrincə, bu tədbirlər həyata keçirildikdə cəmiyyətdə qadınların iqtisadi baxımından daha müstəqil olmasına, stereotiplərin dəyişdirilməsinə nail olmaq olar: "Digər bir tədbir maarifləndirmə və məlumatlandırma səviyyəsinin artırılmasıdır. Bunun sayəsində insanlar başa düşə bilərlər ki, valideynlərə yalnız oğlanlar deyil, qızlar da yardım göstərə bilərlər.


M.Das Qupta əlavə edib ki, qız uşaqlarının doğulması üçün valideynlərin dövlət tərəfindən maddi baxımından stimullaşdırılması düzgün olmaz.


Onun fikrincə, tədqiqatlar da onu göstərir ki, bu gün maliyyə baxımından həvəslənirmə tədbirlərinin o qədər də effekti olmur. Buna görə də məhz maarifəndirmə səviyyəsinin artırılması cins nisbətinin aradan qaldırılmasında müəyyən nəticə verə bilər.