Çinli mütəxəssislər COVID-19 yeni tip koronavirusa yoluxan xəstənin göz yaşında və konyunktival ifrazatında koronavirus aşkarlandığını açıqlayıb.
Bu barədə “Haber Global” məlumat yayıb.
Çinli mütəxəssislər 26 yanvar-9 fevral tarixlərində yoluxan 30 xəstədən götürülmüş nümunələr əsasında araşdırma aparıb. Araşdırma zamanı xəstələrdən birindən götürülmüş iki göz yaşı və konyunktival ifrazat nümunələrində koronavirus testləri müsbət çıxıb.
Sözügedən araşdırma yeni tip koronavirusun gözlər vasitəsilə yayılma riskinin mövcudluğunu və nəfəs yollarının virusun yayılmasının yeganə yolu olmadığını ortaya qoyub.
Çinli mütəxəssislər xəstəxana işçilərinə xəstələri müayinə edərkən maska ilə yanaşı, eynək taxmağı da tövsiyə edib.