Bu müayinə metodu mikroskopun icad olunduğu dövrdən elmə məlumdur. Hazırda laborator praktikada istifadə edilən adi işıq mikroskopu müşahidə olunan obyektləri maksimal olaraq 1500 dəfəyə qədər böyütməyə imkan yaradır.
Müayinə rənglənmiş strukturları görmək üçün kifayət etsə də qanda gedən dinamik prosesləri izləməyə imkan vermir. İşıq mikroskopunun müasir texnologiya ilə modernizasiyası plazmanın obyekt və strukturlarının maksimal vizualizasiyasına, qan hüceyrələrinin həyat fəaliyyətini dinamik izləməyə şərait yaradır.
Beləliklə, işıq mikroskopunun əsasında yeni müayinə metodu yarandı ki, onu da qaranlıq sahəli
mikroskopiya adlandırdılar. Qanın qaranlıq sahəli mikroskopiyası zamanı, qan götürüləndən dərhal sonra, yəni 10-15 dəqiqə ərzində, qanda geriyədönməz dəyişikliklər yaranana qədər müayinə aparılır. Qulaq seyvanının məməciyindən alınıb şüşə altına qoyulan qan damlasına heç bir stabilizator və rəngləyici qatılmır. Müayinə metodunun üstünlüyü ondan ibarətdir ki, proses heç bir hazırlıq olmadan pasientin yanında aparılır. Mikroskopda görünən mənzərə kompüterin ekranına ötürülür və xəstəyə bütün müayinə prosesində iştirak edib, öz qanında gedən dəyişiklikləri görmək imkanı verilir.
Müayinə prosesində aşağıdakı dəyişiklikləri görmək mümkündür:
• Qanın oksigen, su və nutrientlərlə zənginləşmə dərəcəsini müəyyən etmək
• Eritrositlərin vəziyyətinin qiymətləndirilməsi: formasına, ölçüsünə, rənginin intensivliyinə əsasən qanazlığı və ya hər hansı bir somatik xəstəlik haqqında fikir yürütmək, aqreqasiya dərəcəsini (“qəpik sütunları”, aqreqasiya-sladj fenomeni) müəyyən etmək
• Leykositlərin vəziyyətinin qiymətləndirilməsi, onların funksional aktivliyinə görə bütün immun system haqqında məlumat almaq
• Laxtalanma sisteminin qiymətləndirilməsi (trombəmələgəlməyə meyillik)
• Qan plazmasının təmizliyi, mikroorqanizmlərin təyin olunması
• Hər hansı bir iltihabi prosesin dolayı əlamətləri, həmçinin gizli iltihabi proseslərin aşkarlanması
• İntoksikasiya əlamətləri
• Mikrosirkulyasiyanın qiymətləndirilməsi
• Qanda gedən dinamik proseslərin qiymətləndirilməsi
Qanın formalı elementləri arasında lipidlərin peroksidləşməsinə və asidoza ilk reaksiya verən eritrositlərdir.
Bu proseslər zamanı əvvəlcə eritrositlərin deformasiyalaşmasının artması, daha sonra isə lipidlərin peroksidləşmə məhsullarının toplanması eritrosit membranının sərtliyinin və aqreqasiya aktivliyinin yüksəlməsinə səbəb olur. Qanda gedən bu dəyişikliklər toxumaların oksigen təchizatını pozur və hipoksiyaya səbəb olur. Qanda xolesterin - fosfolipid müvazinəti pozulanda da eritrositlərin deformasiyalaşması müşahidə olunur, damar müqaviməti yüksəlir və nəticədə arterial təzyiqin yüksəlməsi baş verir. Kəskin və xroniki iltihabi proseslər zamanı qanda iltihabi
zülalın-fibrinogenin artmasını görmək mümkündür. Trombositlərin funksional hiperaktivliyinə təsir göstərən faktorlardan biri də dislipidemiyadır. Eritrositlərin aqreqasiyasının yüksəlməsi transkapilyar maddələr mübadiləsinin pozulmasına, bioloji aktiv maddələrin ifrazına səbəb olur.
Nəticədə trombositlərin aqreqasiya və adqeziyasını stimulyasiya edilir. Metabolik sindromu olan xəstələrin qanında çoxlu miqdarda sirkulyasiya edən trombosit aqreqatlarını aşkar edilir. Müayinənin aparılması üçün münasib vaxt - yeməkdən əvvəl və ya yemək qəbulundan 2-3 saat sonrakı müddətdir. Xəstə səhər yemək qəbul edə bilər. Lakin qidada ət məhsulları, yağlı qida və pendir olmamalıdır. Şəkərsiz limonlu çay, meyvə, tərəvəz qəbulu daha məqsədəuyğundur. Prosedur tamamilə ağrısızdır.
Prosedurun aparılmasına göstərişlər:
• Kəskin və xroniki infeksion-iltihabi xəstəliklər
• Ürək-damar xəstəlikləri
• Xroniki yorğunluq sindromu
• Allergik xəstəliklər
• Burun-udlaq və bronxların xroniki xəstəlikləri
• Metabolik pozulmalar
• Dəri xəstəlikləri
• Həzm orqanlarının funksional pozulmaları
Göründüyü kimi, qaranlıq sahəli mikroskopiya qanın xüsusiyyətləri haqqında daha dəqiq və dərin məlumat verə biləcək bir müayinə metodudur. Qanın reoloji xüsusiyyətlərini - qanın axıcılığını təmin edən formalı elementlərin funksional vəziyyətidir: eritrosit, leykosit və trombositlərin aqreqasiya aktivliyi, qanın qatılığı (zülal və lipidlərin konsentrasiyası ), qanın osmolyarlığı (qlükozanın konsentrasiyası).
İstənilən xəstəliyin proqressivləşməsi qanın formalı elementlərinin struktur-funksional dəyişikliyi ilə müşayiət olunur. Qanın formalı elementlərinin həcminin 98%- ni təşkil edən və ən birinci dəyişikliyə məruz qalan – eritrositlərdir.
Normal eritrositlər kapilyarlardan keçdikdə deformasiyaya uğrayırlar, lakin buna baxmayaraq öz həcmini və sahəsini dəyişmirlər, nəticədə bütün kapilyarlar boyu qazların diffuziyası yüksək səviyyədə qalır.
Lakin eritrositin deformasiyalaşması davamlı olduqda, yəni eritrosit membranı sərtləşdikdə oksigenin hüceyrələrə daxil olması əngəllənir və toxumada oksigenin parsial təzyiqi (pO2) düşür.
Qanın hemodinamik parametrlərinə təsir göstərən faktorlardan biri qanın qatılığıdır. Eritrositin membranının elastikliyi və yapışqanlığı bir çox faktorlardan asılıdır, xüsusilə də zülalların, ATF, Ca və Mg ionlarının konsentrasiyası eritrositlərin axıcılığına təsir göstərir. Qanda xolesterinin artması, sərbəst Ca++ və ATF konsentrasiyasının yüksəlməsi qanın qatılığını artıran və eritrosit membranının sərtliyini yüksəldən faktorlardandır.
Mikrosirkulyator qan dövranında elə kapilyarlar var ki, diametri 2 mkm-dən kiçikdir və eritrosit bu damarlardan keçərkən öz formasını dəyişir. Lakin membranın elastikliyi sayəsində yenidən öz normal formasına qayıdır. Amma bir çox xəstəliklərdə, xüsusilə arterial hipertoniyası olan xəstələrdə eritrositlər anormal formalar ala bilər və bu formalar daimi xarakter daşıyır. Formasını dəyişmiş eritrositlərin qidalı maddələri və oksigeni daşıma funksiyası normal eritrositlərdən daha zəifdir və onlar bir birinə yapışaraq “qəpik sütunları” əmələ gətirməyə meyilli olurlar. Yaranmış vəziyyət toxumaların qidalanmasını pozaraq, xroniki xəstəliklərin yaranmasına zəmin yradır.
Canlı qanda bu dəyişikliklərin çoxsaylı səbəbi var. Onlardan bərbad ekoloji durum, yanlış qidalanma, zərərli vərdişlər və s qeyd etmək olar. Biotənzimləyici üsullar və preparatlar vasitəsilə aparılan terapiya, həmçinin, göstərilən səbəbkar amillərin aradan qaldırılması ilə qanın keyfiyyətini bərpa edib, xroniki xəstəlikləri profilaktika və müalicə etmək mümkündür.