"2008-ci ilin noyabrında Yilmaz Altun adında Türkiyə vətəndaşı Priştina (Kosova) aeroportunda huşunu itirərək döşəməyə yıxılır. 23 yaşlı kişi evə getmək üçün reys gözləyirdi. Özünü olduqca pis hiss edən gənc adamı yoxlayan Kosovo həkimləri onun qarnında yeni açılmış yaranın izlərini aşkar edirlər. Daha sonra Yılmaz Altunun sol böyrəyinin olmadığı aşkar edilir”.
Medicina.az publika.az-a istinadən xəbər verir ki, bu haqda qara bazarda orqan satışı barədə yazı dərc edən ABŞ-ın "Vaşinqton Post” nəşrində bildirilir.
Altun polislərə ifadəsi zamanı şəhərin kənarında yerləşən "Medikus” adlı klinikada böyrək donoru olduğunu bildirib. İstanbulda bu işdə vasitəçi olan şəxs isə Altuna böyük miqdarda məbləğ söz veribmiş.
Yazının müəllifi qeyd edir ki, bir çox dövlət tərəfindən tanınmayan Balkan ölkəsinin aeroportunda cavan insanın yıxılması hadisəsi ilə ortaya çıxan bu fakt beynəlxalq qara bazarda orqan ticarəti haqqında genişmiqyaslı araşdırmada yıxılan domino daşlarından biridir. Onun sözlərinə görə, ümidsiz vəziyyətdə olan əsasən Türkiyə ilə post-sovet respublikalarının vətəndaşları donor olurlar. Müəllif bildrir ki, orqanların alıcılarının çoxu İsraildən olurlar. Onlar bir böyrək üçün 80 mindən 100 min dollar qədər pul ödəməyə hazırdırlar.
Kosovoda Avropa İttifaqının hüquq-mühafizə missiyasının prokuroru Conatan Reytel bunu "kasıbların və ehtiyacı olanların istismarı” adlandırıb.
"Bu kasıbların amansız qəddarlıqla biçilməsidir”, - o deyib.
Araşdırmaya baxmayaraq, "Medikus” əməliyyatının arxasında dayanan əsas iştirakçılar keçən həftəyə qədər məhkəmədən yayınmaqda davam edirdilər. Kosova hakimiyyətinin məlumatına görə, ötən həftənin cümə günü İsrail vətəndaşı Moşe Harel Kiprdə həbs edilib.
Donorları tapan vasitəçi olaraq adlandırılan Harel özü 2010-cu ildən bəri İnterpol tərəfindən insan alveri və sağlamlığa qəsdən ağır zərər vurma cinayətlərindən axtarışa verilibmiş. Moşe Harel həmçinin Rusiyada eyni ittihamlara görə axtarışa verilib.
"The Guardian” nəşrinin məlumatına görə, Medikus” məşhur Kosovo cərrahı, uroloq Lütfi Dərvişi və onun oğlu Alban Dərvişi tərəfindən idarə olunub. Klinikalarda əməliyyatların isə Yusif Ersin Sönməz tərəfindən həyata keçirildiyi təxmin edilir.
"Medikus” Harel, Sönməz və başqaları tərəfindən rəhbərlik edilən klinikalar şəbəkəsindən yalnız biri idi. Biz Azərbaycan və başqa yerlərdə də klinikalar aşkar etdik. Güman edirik ki, onlardan biri Cənubi Afrika Respublikasında da olar bilər", - prokuror Reytel hələ 2013-cü ildə bildirmişdi.
Nəşr xatırladır ki, Lütfi Dərvişi və Alban Dərvişi 2013-cü ildə günahkar hesab olunmuşdu.
Kipr məhkəməsində bu iş üzrə hökm çıxarmış hakimlərin sözlərinə görə, böyrəyi alınan insanlara olduqca cüzi miqdarda, yəni hər böyrəyə görə cəmi 10 min dollar pul verilibmiş. Bəzi hallarda isə söz verilən pul donorlara ödənilmirdi.
"Ən azı iki nəfər ona vəd edilmiş puldan tamamilə məhrum edilib. Onlar pulsuz və bir böyrəklə evə qayıdıblar”, - hakimlər bildiriblər.