Uşaqlarda böyrək problemlərinin ilkin göstəricisi sidiyin xoşagəlməz iyi və rənginin dəyişməsidir. Bu növ problemlərin aşkarlanması üçün ilk növbədə sidik analizi verilməli, ultrasəs müayinəsi aparılmalıdır. Bu müayinələr anadangəlmə qüsurların aşkarlanmasında əsas rol oynayır.
"Bakutibb" xəbər verir ki, bu sözləri müsahibəsində Azərbaycan Tibb Universitetinin (ATU) terapevtik və pediatrik propedevtika kafedrasının dosenti, ATU-nun elmi işlər üzrə prorektoru, uşaq nefroloqu Rauf Bəylərov bildirib.
Həkim deyib: "Anadangəlmə qüsurların vaxtında aşkarlanması gələcəkdə yarana biləcək ciddi problemlərin qarşısının alınmasında böyük rol oynayır. Belə ki, gecikmiş diaqnoz nəticəsində sonradan meydana çıxan xəstəliklər böyrək çatışmazlığı, eləcə də orqanın itirilməsinə səbəb ola bilər. Bu yenidoğulmuşlara da aiddir. Dünyaya yeni göz açan hər bir uşağa doğum evində sidik, qan və ultrasəs müayinəsi aparılmalıdır. Çox vaxt analiz və ya müayinə zamanı kiçik patologiya aşkar olunduqda belə buna çox da böyük əhəmiyyət verilmir. Lakin ilkin göstəricilərin normal olması belə, hansısa problemin olmadığına dəlalət etmir. Sonrakı dövrlərdə də, yəni əsasən bir yaş və sonra yetkinlik yaşına qədər uşağın sidik analizinin mütəmadi olaraq yoxlanması və ultrasəs müayinəsindən keçirilməsi vacibdir. Aparılan dispanserizasiya nəticəsində hansısa dəyişikliklər müşahidə olunduqda mütləq belə uşaqlar sahə həkimləri tərəfindən mütəxəssisə yönləndirilməlidirlər. Belə ki, bu zaman ilk növbədə nefroloq müayinəsi vacibdir. Anadangəlmə patologiya aşkarlandıqda isə uroloq müayinə etməlidir".
Böyrək xəstəliklərinin əsas simptomlarından biri səhər yuxudan durarkən üzdə şişkinliklərdir ki, bunlar da çox vaxt allergiya kimi qəbul olunur. Belə uşaqlarda tədricən sidiyin azalması, narahatlıq, halsızlaşma, passivlik müşahidə olunur. Böyrək xəstəliklərinin xəbərçilərindən biri də əsasən sidiyin rənginin dəyişməsi, yəni ət suyuna bənzəməsidir. Bu simptomlar müşahidə edilən uşaqların təxirə salınmadan həkim-nevroloq müayinəsindən keçməsi mütləqdir.
Bəzi analizlər nəticəsində uşaqlarda sidikdə zülalla yanaşı çoxlu miqdarda qan da aşkar olunur. Bu da sidikdə eritrositlərin yüksək olması deməkdir.
Ümumiyyətlə uşaqda müşahidə edilən hər bir dəyişiklik zamanı mütəxəssis müayinəsi vacibdir. Belə ki, vaxtında edilməyən müayinə və müalicə gələcəkdə daha böyük problemlər yarada bilər. Xüsusilə qızlarda aşkarlanan sidik yolları infeksiyası vaxtında və ya düzgün müalicə olunmadıqda xroniki hal alır.
Bütün hallarda valideynin üzərinə böyük məsuliyyət düşür. Onu da xüsusilə qeyd etməliyəm ki, böyrək xəstəliklərinin evdə müalicəsi qətiyyən mümkün deyil”.
Bakutibb
bakı
1988