"İnsanlar arasında adətən solitar (sadə) böyrək kistalarına çox rast gəlinir. Bu da insan populyasiyasında 20 % təşkil edir. Yəni, hər beş insandan birində kista aşkarlanır”.
Medicina.az bildirir ki, bunu "Report”a açıqlamasında həkim-uroloq Elçin Mustafayev deyib.
Mütəxəssisin sözlərinə görə, adətən bu kistaların ölçüsü kiçik olur və mürəkkəb deyil: "Üç halda əməliyyat və ya müalicə üçün göstəriş verilir. İlk növbədə ölçüsü 5 sm-dən (adi böyrəyin ölçüsü 10 sm olur) böyük olan və böyrəyin işləməsinə, yerləşməsinə mane olan kistaları əməliyyatda götürürük. İkincisi, böyrək kistasına bel nahiyəsindən zərbə dəyərsə kistanın daxilinə qanaxma verə bilər ki, bu da sonradan qan laxtalarının irinləməsinə səbəb ola bilər. Belə olan halda böyrək kistasının daxilindəki maye bulanıqlaşır. Üçüncüsü isə həmin kistaların sonradan törəmələrə çevrilməsidir. Böyrək şişinə şübhəni artıran əlamətlər olduğu halda belə biz yenə də əməliyyata üstünlük veririk. Bir faktı qeyd edim ki, böyrək kistasının dərman üsulu ilə müalicəsi yoxdur”.
O əlavə edib ki, böyrəkdə kistanın olması təsadüfən aşkarlanır: "Ölçüsü böyük kistalar isə insanda böyrəkdə ağrı çox olan zaman aşkar edirik. İnsanlara tövsiyə edərdik ki, bel nahiyəsində ağrı olarkən vaxt itirmədən həkimə müraciət etsinlər”.
E.Mustafayev qeyd edib ki, Azərbaycan sidik daşı xəstəliyi üçün endemik zona sayıldığından bu xəstəliyə daha çox rast gəlinir: "Qadınlarda isə daha çox sistitlər, yəni sidik yollarının iltihabı xəstəlikləri qeydə alınır. Qəbzlikdən əziyyət çəkən insanlarda qasıq yırtığı xəstəliyinin əmələ gəlmə ehtimalı yüksəkdir. Qarındaxili təzyiqi artıran hər bir xəstəlik qasıq yırtığının riskini artırır”.
Kişilərdə yaranan böyrək xəstəliklərin cinsi problemlərə yol aça biləcəyini deyən həkim-uroloq vurğulayıb ki, kişilərdə böyrəklə əlaqəli yaranan problemlər gələcəkdə böyrək çatışmazlığına səbəb ola bilər: "Bu da müəyyən hormonların bədəndən çətin çıxmasına gətirib çıxara və nəticədə cinsi həvəsin aşağı düşməsinə dəlalət edir”.