Böyrəklər orqanizmdə gedən su-duz mübadiləsinə, cinsi funksiyaya, digər orqanların, eləcə də mərkəzi sinir sisteminin düzgün işləməsinə xidmət edir.
Medicina.az azertac-a istinadən məlumat verir ki, kalsium balansının pozulması orqanizmdə 150-yə yaxın xəstəlik əmələ gətirir və onlardan biri də böyrək-sidik kisəsində daşların yaranmasıdır. Maddələr mübadiləsinin pozulması və həzm prosesinin düzgün getməməsi, mədə-bağırsaq sisteminin öz işinin öhdəsindən layiqincə gəlməməsi digər orqanlarla yanaşı böyrəklərin də işinə mənfi təsir göstərir.
Böyrəklərdə, eləcə də sidik kisəsində oksalat, fosfat, urat və mərcan daşları ola bilər. Onların mənşəyi daha çox qidadan asılı olur. Mərcan daşları xüsusi reseptlərə tabe olur.
Bitkilərin xüsusiyyətinə bələd olmadan qəbul etmək düzgün deyil. Həmin bitkilər daşları iri hissələrə parçalamaq xassəsinə malik olsa da, parçalanma nəticəsində daşların iri hissələri sidik və böyrək kanalını, eləcə də sidik kisəsinin çıxacağını tutaraq fəsadlar yaradır. Məsələn, sarıçıçək bitkisində belə bir xüsusiyyət var. Böyrək-sidik sistemi daşlarının müalicəsi zamanı adi qarpız, sulu armud, qırxbuğum, itburnu, itburnunun kökü, böyürtkənın kökü, günəbaxanın kökü və s. kimi bitkilər daha yaxşı təsir göstərir.