Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Buzlu şüşə” hansı insanları öldürmür, kimlər tez sağalır... – Tanınmış həkim vacib detallardan danışdı

  • 2021.08.24 16:27
  • 3211 Baxış

COVID-19 pandemiyası dövründə hamı tərəfindən vahiməli termin kimi qəbul edilən “buzlu şüşə” ilə bağlı bizim hələ də bilmədiyimiz məqamlar var.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası Neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı “buzlu şüşə”, ondan xilas olmağın asan yolları barədə çox maraqlı yazı ilə çıxış edib.

Medicina.az xəbər verir ki, həkim “buzlu şüşə”nin bu virusa yoluxmayan uşaqlarda da rast gəlindiyini bildirib:



“2010-cu ildə Türkiyədə ixtisaslaşma keçdiyim xəstəxananın neonatalogiya şöbəsində çox sayda (günə 100-150 körpə) xəstə vardı. Onların çoxunu vaxtından erkən doğulmuş körpələr təşkil etdiyindən “Buz tutmuş cam görünümü” (buzlu şüşə) ən çox rast gəldiyimiz ağciyər görüntüsünün tibbi şərhiydi. Yəni bildirmək istədiyim odur ki, illərdir, bu rentgenoloji rəyi biz yenidoğulan körpələrlə çalışan həkimlər sıx şəkildə görürük.



Bu, ən çox daha az çəkili körpələrdə olan xəstəliklərə - “Respirator distres sindromlu” ağciyər şəklinin tibbi rəyi olur. Amma “Buzlu şüşə” görüntüsü bəzən, zamanında doğulmuş körpələrdə də rastlaşılır.

Məsələn, əgər, ana şəkərli diabetdirsə, ananın artmış şəkərini tolerə etmək üçün artan endogen insulinini körpənin ağ ciyərinin inkişafına mənfi təsir edəcəkdir. Zamanında doğulsa belə, ağciyər tam inkişaf etməmiş – “buzlu şüşə” görünüşlü olacaqdır.

Sıxıntı ağciyərin hansı səviyyədə “buzlu şüşə” olmasında, klinik nə dərəcədə təzahüründədir .



Yenidoğulmuşlarda bəzən elə ağır “buzlu şüşə” görüntüsünün şahidi oluruq ki, hətta ürək - ağciyər hüdudlarını ayırmaq çətin olur. Bu o demək deyil ki, o ağciyərin normala dönməsi mümkün deyil”.

Həkim bildirib ki, COVID-19 xəstəliyində rast gəlinən “buzlu şüşə”nin müalicəsində əsas faktorlardan biri stress və qorxudur:



“COVID-19 xəstəliyi də bildiyimiz kimi “buzlu şüşə” ilə müxtəlif dərəcələrdə çox ağır keçə bilər, müalicələrə tabe olunması çətinlik törədə bilər. Lakin o dönəmdə xəstəliyi demək olar ki, yenilməz edən insan sağlamlığının ən böyük düşməni stress və qorxudur.

Əgər xəstə həmin dönəmdə yardımçı tənəffüs dəstəyi cihazına qoşulmalıdırsa, stress keçirmədən, təmkinlə və inamla, şüurlu şəkildə tabe olmalıdır. Bu, həkimlərə və uğurlu nəticəyə ən böyük dəstəkdir.



Bir müqayisə edim: Yenidoğulmuşların, xüsusilə hər hansı xəstəlikli körpənin immun sistemi çox-çox zəifdir. Onlar qısa müddətdə septiki şoka girər və itirilə bilər. Lakin fərq bundadır ki, onlar edilən müalicədə böyüklərlə demək olar ki, eyni olan süni tənəffüs cihazlarında stressdə olmur, şüurlu deyil, tam həkim tərəfindən idarə olunurlar. Amma böyüklərin şüuru müəyyən mərhələlərdə öz əllərindədir.



Bu baxımdan tənəffüs dəstəyində olan hər bir COVID-li xəstənin, həkimə, edilən müalicəyə köməyi lazımdır. Bu kömək - bilgi, dözüm, səhlənkarlıqdan uzaq olmaq şərtiylə, özünə və sağalacağına inamdan asılıdır.

İnsanlardan ricam budur ki, COVID-19 xəstəsi olan biri ilə ünsiyyətdə olduqda, xəstənin “Ciyərimdə buzlu şüşə”, “yayılmış ləkələr” var ilə başlayan, həyata küskün, ümidsiz səsini duyduqda “başın sağ olsun” tərzində davranmayın.



Pandemiyanın yeni başlayan dövrü deyil. İtkiləri də, çətinlikləri də demək olar ki, hər kəs çox eşidib.



Müalicədə olan xəstənin, əvvəldən o duyub - eşitdiklərini düşünməsi onu zatən stressə salmağa yətəcəkdir. Bir də kənardan “vay-vay, ciyərin buz tutub, nə olacaq” cümlələri ilə istəmədən də olsa, xəstəni panikaya salmayaq. Bunu düşünməyi həkimlərə həvalə edək.

Stress immun sistemin ən böyük düşmənidir, COVID -19 ağırlaşmasının isə ən yaxın dostu.



Əslində, bir xəstəlik ki, pandemiya şəklini alıb və hökm sürür, məncə, tibb sahəsində olub-olmamaqdan asılı olmadan, bu xəstəlik haqqında, əsaslı mənbələrdən müəyyən bilgilər əldə etmək, məlumatlanmaq vacib şərtdir.

Bu xəstəlikdən ümumilikdə xilas olmanın yeganə yolu maariflənmək, əsaslı bilgili olmaqdır ki, vacib olana şüurlu şəkildə əməl olunsun”.