İnsan orqanizminin normal fəaliyyətini pozan saysız-hesabsız xəstəliklər var və hər bir xəstəlik də öz əlamətlərinə görə fərqlənir. Sinir sisteminin pozğunluğu nəticəsində yaranan "Witzelsucht” xəstəliyinin əlamətləri isə tam fərqlidir. Belə ki, bu xəstəliyə düçar olanlar bütün günü gülür və zarafat edirlər. Bu xəstəliyin adı alman dilindən tərcümədə zarafatı sevən mənasını verir.
Medicina.az modern.az-a istinadən "Witzelsucht”- gülüş xəstəliyi haqqında yazını təqdim edir.
Belə xəstələrin beyinlərinin sağ yarımkürəsində problem olur. Əgər problem sol yarımkürədə olarsa, xəstəliyin əlaməti tam əksinə, qaraqabaqlıq, özünəqapanmaqla müşayiət olunur.
"Witzelsucht” xəstəliyinə tutulanların ən böyük problemlərindən biri ətrafdakı insanları rahatsız etmələridir. Onlar istənilən məqamda və istənilən məkanda yersiz zarafatları və gülüşləri ilə xoşagəlməz vəziyyət yarada bilirlər. Məsələ burasındadır ki, belə xəstələr yumor hissini, başqalarının zarafatlarını qəbul edə bilmirlər. Komediya janrında olan filmlər belə bu xəstələri güldürə bilmir və onlar bu filmlərə ciddi bir film kimi baxırlar. Ancaq film qurtardıqdan sonra sözün əsl mənasında komediya başlanır. Onlar bu filmdə göstərilən süjetləri öz məharətlərinə uyğun təkrarlamağa başlayırlar.
Bu gülməli xəstəliyin ən acınacaqlı tərəflərindən biri də odur ki, onlarla ciddi fikir mübadiləsi aparmaq və söhbət etmək mümkün deyil. Qarşıdakı insan nə qədər ciddi olarsa belə, xəstələrin gülüşü də bir o qədər sürəkli olar.
Hələ ki, tibb elmi bu xəstəliyin müalicəsində acizdir. Həkimlər sadəcə bəzi dərman pereparatlarının vasitəsi ilə sürəkli və şaqraq gülüşləri çox qısa bir müddətə müvəqqəti olaraq dayandıra bilirlər.