Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bütün doğum evlərində topuq testi pulsuzdur - TƏBİB

  • 2022.11.24 16:02
  • 3018 Baxış
Bütün doğum evlərində topuq testi pulsuzdur   - TƏBİB
TƏBİB-in tabeliyindəki bütün doğum evlərində ödənişsiz olaraq yeni doğulanlardan topuq testi nümunələri götürülür.


"Medicina" xəbər verir ki, Topuq testi yenidoğulmuşların topuq nahiyəsindən qan nümunəsi götürülməklə həyata keçirilir. Qan nümunəsi vaxtında doğulan və qidalanmağa başlayan uşaqlardan doğuşdan 2 gün sonra, vaxtından tez doğulan uşaqlardan isə 1 həftə sonra götürülür.


Doğum evlərində götürülən nümunələr laborator müayinə üçün Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna göndərilir.

Təlimlərdən keçən həkim-genetiklər İnstitutun laboratoriyasında “Guthrie kartları” adlandırılan xüsusi filtr kağızları üzərində 5 yerdə qeyd edilən qan nümunələrində fenilketonuriya (amin turşularının metabolizminin pozulması), qalaktozemiya (bədəndə artıq qalaktoza şəkərinin yığılması), kistik fibroz (metabolizm prosesinin pozulması), adrenogenetal sindromu (böyrəküstü vəzilərin irsi xəstəliyi) və hipotireoz (qalxanabənzər vəzinin funksiyasının zəifləməsi) xəstəliklərinin izlərini axtarırlar.


Yeni doğulanlarda xəstəliklərdən hər hansısa biri aşkarlanarsa, bu halda valideyn körpə ilə birlikdə tibb müəssisəsinə dəvət olunur və aşkar edilən xəstəliyə uyğun olaraq hansı ixtisaslı həkimə müraciət edilməsi barədə məlumat verilir.
Sadalanan 5 xəstəliyin müayinə və müalicəsi də TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində aparılır.


Qeyd edək ki, topuq testi nümunələrinin götürülməsi, eləcə də sözügedən xəstəliklərin müayinə və müalicəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində həyata keçirilir.