Burunun daxilindəki burun balıqqulaqları damarlarla zəngin olduğuna və burun çəpərinin ön hissəsində – Kisselbax zonasında yerləşən böyük damarlar səthə daha yaxın yerləşdiyinə görə hətta yüngül zədələnmə zamanı da burun qanaxması müşahidə oluna bilər.
Burun qanaxması zədələnmə, qan laxtalanmasının pozulması, hipertoniya və s. xəstəliklər nəticəsində, yaxud güclü fiziki gərginlikdən sonra baş verir.
Onun əsas səbəbi burun boşluğunda selikli qişanın tamlığının pozulması, yerli və ümumi olmaqla iki qrupa ayrılır.
Yerli səbəblər:
- burundaxili quruluşun zədələnməsinə səbəb olan yad cisim, əməliyyat zədələnmələri, burun boşluğunda aparılan hər hansı manipulyasiya;
- selikli qişanın hiperemiyalaşmasına səbəb olan kəskin və xroniki iltihabi proseslər – rinitlər, sinusitlər və adenoidlər;
- burun boşluğu selikli qişasının distrofik dəyişkənliyi – atrofik rinit və burun arakəsməsinin əyilməsi;
- burun boşluğunda hər hansı törəmə – angioma, bədxassəli şiş və ya spesifik qranuloma.
Ümumi səbəblər:
- ürək-damar sistemi xəstəlikləri – hipertoniya, ürək qüsuru, damar anomaliyaları və ateroskleroz;
- qan laxtalanmasının pozulması ilə əlaqədar xəstəliklər, diatezlər, hipo və avitaminoz;
- kəskin infeksion xəstəliklər, istivurma və günvurma halları;
- barometrik təzyiqin qəfil düşüb-qalxması nəticəsində yaranan patoloji hallar - uçuş, sualtı üzmə və alpinizm;
- hormonal disbalanslar – cinsi yetişkənlik, hamiləlik və klimaks.
İlk yardım:
- Zərərçəkmişi oturdaraq, baş qabağa əyilir, burun pərləri 10-15 dəqiqə ərzində burun çəpərinə sıxılır;
- Burunda yad cisim olub-olmadığı müəyyənləşdirilir;
- Burnun üstünə və alına buz qoyulur;
- Burun keçəcəyinə hemostatik süngər və ya tənzif tampon qoyulur;
- Qanaxma zamanı uzanmaq və danışmaq olmaz.
- Qanaxma dayandıqdan dərhal sonra burun nahiyyəsinə əl vurmaq və burnu silmək olmaz.
Reseptlər
- 1 xörək qaşığı quru gicitkən yarpaqları 1 stəkan qaynar suda 10 dəqiqə zəif ocaqda dəmlənir, soyuyandan sonra süzülür, gündə 4-5 dəfə 1 çay qaşığı daxilə qəbul edilir. Yaxud eyni qaydada dəmləmə hazırlanır, kiçik ölçülü qablara tökülərək soyuducuda dondurulur. Qanaxma zamanı yerli olaraq istifadə edilir.
- 2 xörək qaşığı dərman sincanotu kökləri üzərinə 1 stəkan qaynar su əlavə edilir, zəif ocaqda 5 dəqiqə bişirilir, süzülür. Qanaxmalar zamanı hər saatda 1 xörək qaşığı qəbul edilir.
- Fitooil Küncüt yağı kalsiumla zəngin olduğundan və laxtalanmanı artırdığından burun qanaxmasına meyilli xəstələr gündə 1-2 dəfə 1 çay qaşığından qəbul edə bilər.
- Ayaqlara soyuq islatma qoyulur.
- 3 qram mumya 10 ml su ilə qarışdırılır, həmin məhlulda isladılmış tənzif paraça ilə burun boşluğuna tampon qoyulur.
- Hərəsindən 100 qram olmaqla təzə bağayarpağı yarpağı və boymadərən otu eynicinsli kütlə alınanadək taxta və ya saxsı qabda əzilir, tənzif parçadan süzülür. Alınan şirədən 2-3 damcı buruna damızdırılır və 10 damcı daxilə qəbul edilir.
- 20 qram xırdalanmış palıd qabığı üzərinə 200 ml qaynar su əlavə edilir, emallı qabda, zəif ocaqda 15 dəqiqə bişirilir, ocaqdan götürülür, 45 dəqiqə soyudulur, süzülür. Hər burun dəliyinə 3-4 damcı damızdırılır.
-10 qram bağayarpağı yarpaqları üzərinə 200 ml qaynar su əlavə edilir, ağzı bağlı qabda zəif ocaqda 15 dəqiqə qaynadılır, ocaqdan götürərək 1 saat dəmlənir, süzülür. Gündə 3-4 dəfə 1 xörək qaşığı qəbul edilir.