Bakıda son zamanlar geniş yayılmış gel ilə burun düzəltmə adlı inyeksion rinoplastika az qala bir qızın burnunu itirməsi ilə nəticələnəcəkdi.
Medicina.az xəbər verir ki, rayonlardan birində burnuna kosmetoloq vasitəsilə filler dolğu etdirən 24 yaşlı qız 3 gün sonra burnunun qaraldığını görür. Kosmetoloquna zəng edib, bu barədə desə də, o "keçəcək, maz çək” deyib.
Lakin 5 gün sonra burnunun çürüdüyünü görən qız kosmetoloqa gedib, o isə gördüyü mənzərədən dəhşətə gələrək, pasiyenti tez Bakıya göndərib.
Pasiyent tanınmış həkim-kosmetoloq Sevinc Abdullayevanın müayinəsində olarkən məlum olub ki, qızın burnundakı əsas damara gel düşüb və burunda qanqren başlayıb.
Həkim Medicina.az-a açıqlamasında bildirib ki, xəstə 2 gün də gec gəlsəydi, burnu çürüyüb düşəcəkdi.
"Belə prosedurları edən kosmetoloqlar həkim olub, anatomiyanı bilməlidir.
Görünür, bu xanımda buruna dolğu edən kosmetoloqun tibbi təhsili yox imiş. Əgər kosmetoloq anatomiyanı bilmirsə, filler damara düşür. Damara gel düşdüyündən, qan dövranı dayanıb, burun toxumasında çürümə, qanqren başlayıb.
Əgər kosmetoloq professional həkimdirsə, damara düşəndə simptomlarla bunu görür və vaxtında tədbir görür.
Bu xanımda 5 gün idi ki, çürümə başlamışdı. Yaxşı ki, 6 gün sonra həkimə gəldi. Çünki 1-2 gün də geciksəydi, burnu çürüyüb düşəcəkdi. Əməliyyatla burun götürülməli, yeni burun yaradılmalıydı.
Xanım hər dəqiqə nəzarətimizdə idi. 2 gün içində çürüməni saxladıq. Hətta Ukraynadakı tanınmış estetik cərrahla danışmışdım, burunu göstərmişdim. O demişdi ki, əgər düzəlməsə, gəlsin bura, təmənnasız onu əməliyyat edib, yeni burun bərpa edərik. Yəni vəziyyət o qədər ciddi idi”.
Sevinc Abdullayeva apardığı müalicələr barədə qısaca olaraq onu deyib ki, gialuron turşusunun əks antidotu ilə damarda olan geri əridib. Daha sonra dərman preparatları və əlavə kosmetoloji prosedurlarla burunda sağalmaya nail olub.
Kosmetoloq həkim gənc xanımlara kosmetoloji prosedurları kimə etibar etdiklərini bilməyi tövsiyə edi:
”Həkim olmayan insana burun etibar etmək olmaz. Hər reklam olunan videoya, şəklə, ucuz qiymətə aldanmasınlar. Elə bu xanım da, qiymət ucuz idi deyə, həvəslənmişdi. Pula görə burnunuzu, dərinizi, dodağınızı itirə bilərsiz.
Fillerlə burun rinoplastikası manikür-pedikür deyil, saça boya qoymaq deyil. Bu proseduru yalnız və yalnız həkimlər etməlidir. Dırnaqarası sertifikatlı, kurs keçmiş kosmetoloqlara bu kimi prosedurları etdirmək təəssüf ki, belə ağır nəticələr verə bilər”.
Aygün Musayeva
Medicina.az