Beyin şişləri uşaqlarda leykemiyadan sonra ən çox müşahidə olunan ikinci xərçəng növüdür.
Medicina.az xəbər verir ki, uşaqlarda xoşxassəli və bədxassəli beyin şişlərinin niyə meydana gəldiyinə dair hələ dəqiq məlumat yoxdur.
Uşaq Beyin və Sinir Cərrahiyyəsi üzrə mütəxəssis, Prof. Dr. Memet Özek uşaqlıqda baş verən beyin şişləri ilə mübarizədə valideynlərin rolunun böyük əhəmiyyət daşıdığını bildirib.
"Uşaqlıqda əmələ gələn hər 6 şişdən birinin beyində yerləşdiyi bildirilir. Bu şişlərin 52 faizi ilk dəfə 2-10 yaş arasında, 42 faizi isə 11-18 yaş arasında meydana çıxır. 12 aydan kiçik körpələrdə inkişaf edən beyin şişləri təxminən 5,5 faiz nisbətində görülür. Uşaqlıqda yaranan beyin şişlərinin aradan qaldırılmasında erkən diaqnoz və müalicə kritik əhəmiyyət kəsb edir”, - deyə professor vurğulayıb.
O, uşaqlıq beyin şişlərinin simptomlarının şişin növü və yerindən asılı olaraq dəyişə biləcəyini qeyd edib.
Professor uşaqlarda inkişaf edən xoşxassəli və bədxassəli beyin şişlərinin əlamətlərini belə sıralayıb:
Körpələrdə
- Baş çevrəsinin normadan artıq böyüməsi,
- Zəif əmmə refleksi,
- Ürəkbulanma, qusma və kilo itkisi.
Uşaqlarda
- Ürəkbulanma, qusma və baş ağrısı,
- Gözlərin qyılması
- Nitq pozğunluğu,
- Əl-qol koordinasiyasının pozulması,
- Qollarda və ayaqlarda güc itkisi,
- Balans problemləri.
Memet Özek bildirib ki, neyrocərrah şişin növü, yeri, yayılması, ölçüsü, əl və qolu hərəkət etdirən yollara yaxınlığı kimi parametrləri qiymətləndirir və buna uyğun müalicə planlaşdırılır. Professor əsasən cərrahi üsullardan istifadə edildiyini ifadə edib.
Aysel