Bütün dünya “Delta” və ya Hindistan ştammı adlandırılan koronavirus növünün sürətlə yayılmasından narahatdır. Virus ştammının Azərbaycanda da aşkar olunmasından sonra ölkədə yoluxanların sayı kəskin şəklidə artıb və bu gün biz artıq pandemiyanın dördüncü dalğasını yaşayırıq.
Medicina.az xəbər verir ki,
Media.Az COVID xəstəxanasının infeksionist mütəxəssisi Nicat Əzimli ilə ölkədə mövcud pandemik vəziyyəti müzakirə edib.
Həkmin sözlərinə görə, bu gün ağır xəstələrin sayı, keçmiş koronavirus dalğaları ilə müqayisədə daha çoxdur. Xüsusilə də yaşlıların vəziyyəti ağırdır. Lakin gənclər və uşaqlar arasında da yoluxma hallarına daha tez-tez rast gəlinir.
“Əvvəllər azyaşlılarda xəstəlik simptomsuz keçsə də, indi uzun müddət aşağı düşməyən yüksək temperaturla müşaiyət olunur. Bütün bu amillər müalicə prosesini əhəmiyyətli dərəcədə çətinləşdirir, çox güclü dərmanlardan istifadə məcburiyyətini yaradır”, - deyə Əzimli bildirib.
O, dövlətin yaratdığı şərait sayəsində COVID xəstəxanalarında xəstələrə yüksək keyfiyyətli tibbi xidmət göstərildiyini də vurğulayıb. Hərçənd, bu günlərdə tibb müəssisələrinə böyük xəstə axınını nəzərə aldıqda, vəziyyətin tədricən mənfiyə doğru dəyişə biləcəyini də istisna etməyib.
“Bütün bunlar ölkəni karantin rejimini sərtləşdirməyə məcbur edəcək. Ancaq ədalətlə desək, vətəndaşların vaksinasiyaya müsbət münasibətinin artdığını görürük. Payızın gəlməsi ilə tənəffüs yollarının yoluxucu xəstəliklərinin say etibarilə artdığını hamı bilir. Bu hər il baş verən təbii bir prosesdir. Ancaq vətəndaşlar aktiv şəkildə peyvənd edilsə, bu risk heçə endiriləcək”, -deyə həkim əlavə edib.