İllərdir alimlərin axtardığı kişi hormonal kontraseptivi artıq hazırlanmaq üzrədir. Organik birləşmə cinsi əlaqə zamanı spermanın hərəkətliliyini azaldıb, döllənmə prosesinin qarşısını alacaq.
Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, Şimali Karolina Tibb Universitetinin elmi işçiləri öz tədqiqatlarının nəticələrini dərc ediblər.
Bu gün prezervativlər və vazektomiya – toxum yollarının bağlanması əməliyyatı kişilər üçün yeganə qorunma üsullarıdır.
Məlumdur ki, prezervativlər çox vaxt bu gözləntini doğrultmaya bilər. Alimlər illərdir kişilər üçün uyğun hormonal və qeyri-hormonal preparatların hazırlanması üzərində işləyir.
Maykl Orend və kolleqaları EP055 adlı organik birləşmə tapıblar. Eksperimentlər göstərdi ki, bu birləşmə EPPİN adlı zülalla birləşib, spermanın hərəkətini azaldır. Nəticədə kişi cinsi hüceyrələri qadının uşaqlığına gedib çatmır.
Təcrübə makaka meymunları üzərində aparılıb. Bu birləşmə meymuna yeridiləndən 6 saat sonra spermatozodlərin hərəkəti azalmış və bu səviyyədə 30 saat qalmışdır. 18 gündən sonra spermatozoidlərin hərəkətliliyi tam bərpa olunmuşdur. Bu o deməkdir ki, preparatın kişi cinsi funksiyasına heç bir zərəri yoxdur. EP055 in insan üzərində sınanmasına az qalıb. Eksperimentlər uğurlu olarsa, yaxın bir neçə ilə dərman bazarına organik, qeyri-hormonal kişi kontraseptivi daxil olacaq.