Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu yuxu vərdişləri xəstəliklərə səbəb olur

  • 2024.03.26 18:00
  • 654 Baxış
Bu yuxu vərdişləri  xəstəliklərə səbəb olur
Yeni bir araşdırma şəkərli diabetin inkişaf ehtimalını ikiqat artıra bilən yuxu vərdişlərini müəyyən edib.

Medicina.az xəbər verir ki, alimlər dörd növ yuxu rejimi ilə müxtəlif xəstəlik riskləri arasındakı əlaqəni müəyyənləşdiriblər.

ABŞ-ın Penn State Sağlamlıq və İnsan İnkişafı Kollecinin alimləri 10 il ərzində təxminən 3700 iştirakçının yuxu vərdişlərini izləyiblər.

ABŞ-da Orta Yaş Sorğusunun (MIDUS) tarixi məlumatlarından istifadə edərək, orta yaşlı iştirakçıların 2004-2014-cü illər arasında öz yuxularını necə qiymətləndirdikləri də araşdırılıb. Tədqiqatçılar yaşlandıqca insanların yuxu rejiminin necə dəyişdiyini və bunun xroniki xəstəliklərin inkişafı ilə necə əlaqəli ola biləcəyini müəyyən etməyə çalışıblar.

Təhlillər göstərib ki, hər bir iştirakçı dörd fərqli kateqoriyadan birinə uyğun gəlir: yaxşı yatanlar, həftə sonu yatanlar, yuxusuzlar və müxtəlif zamanlarda qısa yuxuya gedənlər.

Yaxşı yatanlar uzun, ardıcıl saatlar yatdıqlarını və gün ərzində yuxu və oyanma saatlarından məmnun olduqlarını bildiriblər. Həftəsonu yatanlar həftə ərzində nizamsız və ya daha qısa müddət ərzində yatan, lakin həftəsonları yuxuya daha çox vaxt ayıranlardır.

İştirakçıların yarıdan çoxu isə iki ən pis yuxu kateqoriyasına daxil olublar: yuxusuzluqdan əziyyət çəkənlər və qısa yuxulara gedənlər.

Yuxusuzluqdan əziyyət çəkənlər yuxuya getməkdə çətinlik çəkirdilər və digər qruplara nisbətən daha az yatırdılar. Onlar gün ərzində daha çox yorğun olduqlarını və yuxularından daha az məmnun olduqlarını bildiriblər.

Sonuncu kateqoriyaya daxil olanlar isə gecələr kifayət qədər yatdıqlarını, lakin gün ərzində tez-tez qısa yuxuya getdiklərini bildiriblər.

Alimlər bütün bu yuxu kateqoriyalarına dail olan qrupların xəstəlik risklərini araşdırıb. Onlar sağlamlıq vəziyyətini, sosial-iqtisadi şəraiti və iş mühiti kimi digər amilləri də nəzərə alıblar.

Nəticə göstərib ki, yuxusuzluqdan əziyyət çəkənlərin ürək xəstəliyi, şəkərli diabet və depressiya riski yaxşı yatanlarla müqayisədə 28-81 faiz daha yüksəkdir. Qısa yuxuları vərdişə çevirənlərin yaxşı yatanlarla müqayisədə şəkərli diabet riski 128 faiz, depressiya riski isə 62 faiz yüksək olub. Mütəxəssislər deyirlər ki, ikinci tapıntı yaşla birlikdə qısa yuxuya getmə tezliyinin artması ilə əlaqədar ola bilər.

Qeyd olunub ki, qeyri-kafi yuxu bədəninizin və zehninizin günün stresini atmaq və özünü bərpa etmək üçün kifayət qədər vaxtının olmaması deməkdir və xroniki stressin bir sıra xəstəliklərə səbəb olduğu bilinir.


Aysel