Nevralgiya kimi tanınan şiddətli sinir ağrıları bir çox hallarda qəfil meydana çıxır. Çox zaman bu mənşəyi bilinməyən ağrıları lokasiyasına görə digər xəstəlikləin əlamətləri ilə səhv salırlar.
Medicina.az xəbər verir ki, nevralgiya sinir ağrısıdır. Bu zaman yaranan ağrılar çox kəskin, göynədici, deşici, yandırıcı xarakterli olub, xəstənin bütün həyat fəaliyyətinə mane olur.
Ən çox müşahidə olunan nevralgiyalar üçlü sinirin, ənsə sinirin, oturaq sinirin, qabırğa arası sinirlərin nevralgiyasıdır. Bəzən kürək əzələsində yaranan nevralgin ağrıları hətta infarkt əlamətinə bənzədirlər. Bu ağrılar əzələ boyu yayılaraq qollara və boyun nahiyəsinə qədər çatır. Xəstənin hərəkəti məhdudlaşır və nəfəs olması çətinləşır.
Bir çoxları ev şəraitində isti kompreslərin, diklofenak iynəsinin və ağrıkəsicilərin köməyilə ağrıları aradan qaldıraraq sonradan həkimə müraciət etməyə ehtiyac görmürlər.
Bəs görəsən nevralgiya ağrıları hətta öz-özlüyündən keçib getsə belə, müalicəyə üz tutmaq lazımdırmı? Bu ağrılar nədən xəbər verir? Yenidən geri dönməməsi üçün nələrə diqqət yetirilməlidir?
Mövzu ilə bağlı nevroloq Leyla Şahbazova Medicina.az-a açıqlama verib.
O, qəfildən meydana çıxan sinir ağrılarının səbəblərini belə izah edib: "Əzələdə meydana çıxan nevralgiya sinirin əzələ tərəfindən sıxılması nəticəsində yaranır. Qəflətən kəskinləşən ağrılar bəzən bir çox digər xəstəliklərin əlaməti ilə qarışdırıla bilir. Meydana çıxan ağrılar çox kəskin olur. Ağrılar çəkildikdən sonra yenidən geri qayıda və ya ümumiyyətlə bir də təkrarlanmaya bilər. Xəstəliyin hansı səbəbdən əmələ gəlməsini müəyyən etmək üçün ilk növbədə xəstə MRT müayinəsindən keçməlidir. Bu üsul əsasən də digər xəstəlikləri inkar etmək üçün tətbiq edilir. Həmçinin də elektroneyromioqrafiya aparatından keçmək tələb olunur. Bu üsullarla digər patologiyalar inkar edilərsə, o zaman həkim nevralgiya variantının üstündə durur və müalicəyə başlayır”.
Mütəxəssisin sözlərinə görə, bəzən bu tip ağrılar əzələ yırtıqları nəticəsində sinirin sıxılması səbəbindən də yarana bilər: "Nevralgiya müalicə olunan xəstəlikdir. Bu xəstəliyi periodik olaraq vaxtlı vaxtında müalicə etdirmək müsbət nəticə verir.
Bəzən xəstələr özləri bir balaca əzələ ağrısı hiss edən kimi diklofenak iynəsi vurdururlar. Bu iynə iltihab əleyhinə olduğu üçün ağrıları və şişkinliyi aradan qaldıraraq insana kömək edir. Lakin bu, problemi müvəqqəti olaraq həll edir.
Bütün müayinələrdən keçdikdən sonra əgər nevralgiya diaqnozu təsdiqlənərsə, o zaman xəstəyə fizioterapevik prosedurlar tətbiq edilməlidir. Bu prosedurları hər 6 aydan bir təkrarlamaq lazımıdır. Bu prosedurla yanaşı yaxşı olardı ki, xəstələr yoqa təlimləri ilə və üzgüçülüklə məşğul olsunlar. Üzgüçülük və yoqa təlimləri əzələlərin gərginliyini aradan qaldıraraq onları yumuşaldır və sinirlərin rahatlaşmasını təmin edir. Yalnız bu metod bütün nevralgiyalarda tövsiyə olunmur. Bu üsulla yırtığı olan xəstələr də ağrılarından azad ola bilərlər. Həm də bu cür ağrılardan əziyyət çəkən xəstələr iynə dərmandan çox profilaktik qorunma yöntəmlərindən istifadə etməlidirlər. Bu yöntəmlərdən ən gözəli idmandır. İdman növləri içərisində isə insan orqanziminə ən yaxşı və rahatladıcı təsir göstərən yoqadır. Yoqa ilə hətta xəstələr ev şəraitində də məşğul ola bilərlər”.
Arzu
Medicina.az