Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu xəstəliyə diaqnoz qoymaq çətindir - Astma

  • 2019.05.01 10:13
  • 8020 Baxış
Bu xəstəliyə diaqnoz qoymaq çətindir  - Astma

"Astma xəstəliyindən əziyyət çəkən 2 yaşına qədər olan uşaqlara diaqnoz qoymaq çətin olur. Bunun səbəbi astmanın digər xəstəliklər altında gizlənməsidir".


Bu barədə Medicina.az- Səhiyyə Nazirliyindən məlumat verilib.


Bildirilib ki, astma xəstəliyi istənilən yaşda yarana bilər. Qeyd olunub ki, uşaqlar bu xəstəliyə daha çox meyillidirlər: "Xüsusilə 10 yaşına qədər olanlar arasında xəstəlik daha çox inkişaf edir. Yunan dilindən tərcümədə astma – "ağır nəfəs" deməkdir. Həmin terminin müəllifi Hippokrat hesab edilir və onun "Daxili iztirablar haqqında" əsərində spazmatik xarakter daşıyan astmanın əsas səbəbinin soyuq və nəmişlik olduğu göstərilir. Alimlər yüzilliklər boyu xəstəliyin səbəblərini öyrənməyə çalışıblar. XX əsrdə astmanı yaradan səbəbin fiziki, kimyəvi və bioloji xarici qıcıqlandırıcılara cavab reaksiyası kimi bronxların lokal iltihabı olduğu müəyyənləşib.


Bu gün astma dedikdə müxtəlif mənşəli təngnəfəslik tutmaları başa düşülür. Lakin əsasən allergenlərin təsiri nəticəsində yaranan və tənəffüs yollarının xroniki iltihabi xəstəliyinə – çətin nəfəsalmaya və ya hətta təngnəfəsliyə, öskürəyə, sinədə xırıltıların yaranmasına səbəb olan bronxial astma nəzərdə tutulur. Xəstələr ağaclardan qopan tozcuğa, məişət tozuna, heyvan tükünə, bəzi qida və dərmanlara reaksiya verirlər.


Bəzən astmanın səbəbini müəyyənləşdirmək çox çətin və ya hətta mümkünsüz olur. Diqqətin bu problemə yönəldilməsi təsadüfi deyil. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, astma dünyada ən yayılmış xroniki xəstəliklərdən biridir və ondan 300 milyon nəfərdən çox əziyyət çəkən var. Bununla belə hər onillikdə onların sayı bir yarım dəfə artır".


Qeyd edək ki, Ümumdünya Astma ilə Mübarizə Günü Dünya Səhiyyə Təşkilatının dəstəyi ilə hər il mayın birinci çərşənbə axşamı günü keçirilir. Həmin tədbir ilk dəfə 1998-ci ildə keçirilib və Ümumdünya Bronxial Astma Forumuna 35 ölkə qoşulub. İldən-ilə həmin ölkələrin sayı artır.Məqsədi ictimaiyyətin diqqətini astma ilə xəstələnmənin artması probleminə cəlb etmək, ondan əziyyət çəkənlərə göstərilən köməyin keyfiyyətini yüksəltmək və bu barədə insanları məlumatlandırmaqdır.