Bu xəstəlik ölümün səbəbləri arasında 3-cü yerdədir - Sumqayıt və Gəncədə tədqiqat aparılacaq
Bu xəstəlik ölümün səbəbləri arasında 3-cü yerdədir - Sumqayıt və Gəncədə tədqiqat aparılacaq
2018.12.25 14:17
9441 Baxış
"Ağciyərin qeyri-spesifik xəstəliklərinin gecikmiş diaqnostikası və qeyri-adekvat müalicəsi həyat keyfiyyətinin pisləşməsinə, əmək qabiliyyətinin itirilməsinə və ölüm hallarının tezləşməsinə gətirib çıxarır”.
Bunu Medicina.az-a müsahibəsində Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun elmi işlər üzrə direktor müavini İradə Axundova bildirib.
İ. Axundova deyib ki, bu xəstəliklərə ağciyərlərin xroniki obstruktiv xəstəliyi, bronxial astma, ağciyər xərçəngi, pnevmokoniozlar, allergik xəstəliklər və digərləri daxildir. Ağciyərdə yaranan nadir xəstəliklər də var. Direktor müavini nəzərə çatdırıb ki, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda bu xəstəliklərin diaqnostikası və müalicəsin təşkil edilir. İnstitutumuzun tərkibində belə xəstələr üçün cərrahiyə şöbəsi var və o xəstələr lazım olduğu halda əməliyyat edilir: "ÜST-ün məlumatına əsasən, 2016-cı ildə dnya üzrə ağciyərlərin xroniki obstruktiv xəstəliyindən 251 nəfər əziyyət çəkib. Hər il bu xəstəlikdən 3 mln. artıq insan həyatını itirir. Başqa xəstəliklərdən fərqli olaraq ağciyərlərin xroniki obstruktiv xəstəliyindən ölüm nəinki azalmır, hətta əksinə, ilbəil artır. ÜST-nın 10 əsas ölüm səbəbləri siyahısında 2000-ci ildən ACXOX-dan ölüm 4-cü yerdə idi isə, hal-hazırda 2016-cı ilin məlumatlarına görə ürəyin işemik xəstəliyi və insultlardan sonra ağciyərlərin xroniki obstruktiv xəstəliyindən ölüm artıq 3-cü yerdədir. ÜST-nın proqnozuna əsasən risk faktorlarının təsirinin azaldılması istiqamətində təcili tədbirlər aparılmasa, ağciyərlərin xroniki obstruktiv xəstəliyindən ümumi ölüm göstəricisi növbəti 10-illiklərdə 30% artacaq”.
İ. Axundova qeyd edib ki, bu xəstəliklər arasında ən geniş yayılanı ağciyərlərin xroniki obstruktiv xəstəliyidir: "Bu xəstəlik ilk növbədə siqaret çəkmək kimi zərərli vərdişlər, atmosferin çirklənməsi, iş yerində toz, kimyəvi olması nəticəsində yaranır. Müasir dövrdə dünyada siqaret çəkənlərin, avtomobillərin sayı artır, tikinti genişlənir. Ona görə də biz Azərbaycanda da belə xəstələrin sayının az da olsa, artmasını müşahidə edirik. Ona görə də hökumətimiz bu məsələlərə xüsusi diqqət yetirir. Bu səbəbdən Azərbaycanda bir müddət əvvəl tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında yeni qanun qəbul edilib. Bu da təsadüfi deyil. Çünki siqaretə aludəçilik uşaqdan tutmuş yaşlıyadək, sosial və maddi vəziyyətindən asılı olmayaraq və ən əsası, siqaret çəkib-çəkməməsinə fərq qoymayaraq ölkə əhalisinin bütün təbəqələrinə təhlükəli təsir göstərir. İctimai yerlərdə siqaret çəkilməsi qadağan edilib. Tibb müəssisələri siqaret çəkilməsi qadağan edilən yerlər sırasında ikinci pillədə qərarlaşıb. Nəinki palatada, kabinetlərdə, ümumiyyətlə, tibb müəssisəsində siqaret çəkilməsi qadağan olunub. Yəni tibb müəssisəsinin girişində də, həyətində də siqaret çəkmək qadağandır. Səhiyyə Nazirliyi tövsiyyə edir ki, əhali, xəstələr, tibb işçiləri arasında maarifləndirmə işi aparaq. Bizim şöbələrdə, qəbul otaqlarında xüsusi plakatlar vurulub və bununla tibb müəssisəsinə gələn insanları maarifləndiririk. Çox təəssüf ki, həkimlərimizin arasında da siqaret çəkənlər var. Bu, onlar üçün də çox gözəl maarifləndirə vasitəsidir. Onu da nəzərə çatdırım ki, 23 dekabr 2015-ci il tarixində Azərbaycanı Prezidentinin sərəncamı ilə "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya” təstiq olunub. Strategiyanın əsas məqsədi Azərbaycanda əhalinin sağlamlığının yaxşılaşdırılmasına, o cümlədən qeyri- infeksion xəstəlikləri (QİX) ilə bağlı vaxtından əvvəl ölüm hallarının əhəmiyyətli azaldılmasına nail olmaqdır. Bu işlərin içrasında İnstitutun əməkdaşları yaxından iştirak edirlər. Bu Strategiya ilə əlaqədar elmi mövzular da işlənir, tədqiqatlar aparırıq”.
Direktor müavini Bakıda sağlam insanlar arasında ağciyərin qeyri-spesifik xəstəlikləri ilə əlaqədar tədqiqat aparıldığını da nəzərə çatdırıb: "Tədqiqat apardıq ki, real mənzərəni aydınlaşdıraq. Bu tədqiqat nə üçün vacib idi? İnsanlarımız həkimə nə vaxt müraciət edir? İnsanlar əsasən səhhətləri ağırlaşan zaman həkimə üz tutur. Bu tədqiqat bizə Bakıda xəstəliyin başlanğıc fazasında olan insanları aşkarlamağa imkan verdi. Bakıda aparılan tədqiqatın nəticələrinə gəlincə, məqsədi Bakıda 18 yaşdan yuxarıəhali arasında ağciyərlərin xroniki obstruktiv xəstəliyinin, bronxial astma və allergik rinitin yayıldığı ərazini müəyyən etməklə xəstəliklərin yayılmasını tədqiq etmək, risk faktorları ilə əlaqəni dəyərləndirmək idi. Tədqiqat nəticəsində məlum olub ki, Bakı şəhərində bronxial astma böyüklər arasında təxmin edilən yayılması hər 1000 nəfərə 26.8 nəfər olub. Spirometriya əsasında diaqnozu təsdiq edilmiş ağciyərlərin xroniki obstruktiv xəstəliyinin böyüklər arasında hər 1000 nəfərə təxmin edilən yayılması Bakı şəhərində 4.3 təşkil edib. Bronxial astma olan respondentlərdə statistik əhəmiyyətli əlaqə siqaretçəkmə, vərəm, artıq çəki/piylənmə, tozlu işlə və allergik rinitlə təyin edilib. Ağciyərlərin xroniki obstruktiv xəstəliyi olan respondentlərdə isə statistik əhəmiyyətli əlaqə yalnız siqaretçəkmə ilə müşahidə edilib. Bronxial astma olan respondentlərlə müqayisədə bronxial astma olmayan respondentlər daha az yanaşı xroniki xəstəliklərdən əziyyət çəkir. Ağciyərlərin xroniki obstruktiv xəstəliyi olan respondentlərdə əsas yanaşı patologiyalar kimi pnevmoniya və kardiovaskulyar xəstəliklər müşahidə edilib. . İndi biz Sumqayıt, Gəncə kimi atmosfer havasının çirklənməsinin daha çox olduğu ehtimal edilən yaşayış məntəqələrində də bu tədqiqatları aparmaq niyyətindəyik”.