Antioksidant əlavələrin (C, E vitaminləri və beta-karotin) qəbulu yaşla bağlı quru makula degenerasiyasının gedişatını yavaşladır.
Medicina.az xəbər verir ki, bunu ABŞ-nin Milli Göz İnstitutunun Epidemiologiya və Klinik Tətbiqlər Bölməsinin alimləri müəyyən ediblər.
Tədqiqatın nəticələri “Ophthalmology” jurnalında dərc olunub.
Bildirilib ki, bu xəstəlik yaşlı xəstələrdə mərkəzi görmə itkisinin əsas səbəbidir.
Yaşla bağlı makula degenerasiyası tor qişanın mərkəzi bölgəsində degenerativ proses ilə xarakterizə olunan bir qrup retinal patologiyanın ümumi adıdır.
Xəstəliyin quru formasından fərqli olaraq, yaş forması anormal göz damarlarının böyüməsi və makula ödemi ilə müşayiət olunur.
Adıçəkilən xəstəliyin inkişafını yavaşladan amilləri müəyyən etmək üçün tədqiqatçılar 1 209 xəstənin tor qişasının şəkillərini təhlil ediblər.
Onlar əlavə olaraq gözlərdə coğrafi atrofiya sahələrinin yerini və yayılma sürətini hesablayıblar. Sonda bu məlumatlar iştirakçıların həyat tərzi vərdişləri ilə müqayisə edilib.
Nəticələr göstərib ki, antioksidant qida əlavələri (beta-karoten, C və E vitaminləri) orta və gec mərhələdəki makula degenerasiyasının inkişafına maneə törədə bilər.
Orta hesabla, üç il ərzində əlavələrin qəbulu xəstəliyin inkişaf sürətini 55% azaldır.
Əlavə tədqiqatlar beta-karotenin lutein və zeaksantin antioksidantları ilə əvəz edilməsinin qoruyucu effekti artırdığını göstərib.
Aysel