Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu və gələcək ştamlardan yeganə qorunmaq yolu - Həkim AÇIQLADI

  • 2022.02.19 16:22
  • 1898 Baxış
Bu və gələcək ştamlardan yeganə qorunmaq yolu   - Həkim AÇIQLADI


Son günlərin statistikası göstərir ki, COVID-19-un yeni ştamı olan "Omikron" ölkəmizdə çox sürətlə yayılır. Koronavirusun bütün dünyada yayılan və ölkəmizdə də qeydə alınan “Omikron” ştamı insanlarda qorxu yaradır. Sağlam yaşamaq, zəmanəmizin bəlası sayılan bu yoluxucu xəstəliyin ağır fəsadları ilə üzləşməmək üçün isə peyvəndlənmə əsas vasitədir.

Medicina.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının Reanimasiya və intensiz terapiya şöbəsinin anestezioloq-reanimatoloqu Mehdi Əliyev məlumat verib.


Onun sözlərinə görə, XXI əsrin bəlası – COVID-19 infeksiyası və yeni yaranmış ştamları dünya ölkələri arasında sürətlə yayılmaqdadır. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və insan tələfatı ilə nəticələnməsi dövlətləri ciddi tədbirlər görməyə sövq edir. COVID-19-un pandemiya elan olunduğu ilk günlərdən bu yoluxucu xəstəliyin yayılmasının məhdudlaşdırılmasına və aradan qaldırılmasına, əhali arasında xəstələnmə və ölüm hallarının qarşısının alınmasına yönəldilmiş tədbirlərlə yanaşı, dövlətimiz virusun geniş yayılmaması, daha çox təhlükəli fəsadlar yaratmaması üçün insanları Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara tam əməl etməyə çağırır. Bu çağırışın əsasında isə ölkə əhalisinin peyvəndlənməsi durur.


Ölkəmizdə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvəndlənməsi prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Peyvəndləmə üçün ayrılmış tibb məntəqələrində qeydiyyat, peyvənd və postvaksinal-gözləmə otaqları yaradılıb. Və bütün otaqlar zəruri tibbi və gigiyenik avadanlıqlarla təchiz edilib. Müstəqil Dövlətlər Birliyi ölkələri arasında peyvəndləmə səviyyəsi baxımından birinci yerlərdən birini tutan respublikamızda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş Sinovac, AstraZeneca, Sputnik və.s kimi geniş vaksin seçimi yaranmış və vaksinasiya prosesi könüllü olaraq dövlət hesabına aparılır.


Dünyada müşahidə olunan tendensiyalar COVID-19 pandemiyası ilə mübarizə üsullarının təkmilləşdirilməsini və qabaqcıl tədbirlərini görülməsini zəruri edir. Belə ki, peyvəndlənmədən bir müddət sonra qorunma səviyyəsi zəiflədiyindən immunitet reaksiyasını yenidən gücləndirmək, peyvəndin effektivliyini artırmaq lazım gəlir. Bu mənada, vaksinin üçüncü dozası olan Buster dozası effektliyi ilə seçilir. Yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID -19-la bağlı hospitalizasiya və ölümləri azalda bilən üçüncü doza virusla savaşan anticisimləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir. ÜST-ə və Kanadanın müvafiq qurumuna əsasən Buster dozasının istifadəsi immunsupressiv hallarda və ən çox həssas qruplarda məqsədəuyğun hesab olunur. Buster dozanın əhəmiyyətini ABŞ Xəstəliklərin Profilaktikası və Kontrolu Mərkəzlərinin və İngiltərənin Milli Səhiyyə Xidməti də təsdiqləyir. Tədqiqatlara görə Buster dozası almış şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artmışdır.


M.Əliyev pandemiya ilə mübarizədə peyvəndin rolu, koronavirusun yeni ştamları ilə mübarizə yolları barədə məlumat verərək bildirdi ki, COVID-19 infeksiyası əleyhinə istifadə edilən peyvəndlər orqanizmi bu virusdan qoruyan anticimlər yaradır. Lakin müəyyən vaxt keçdikdən sonra anticisimlər azalmağa başlayır. Bu səbəbdən iki doza vaksin aldıqdan 6 ay sonra növbəti doza-“Buster” vurulmalıdır. Bununla yanaşı, koronavirisin yeni ştamına yoluxmamaq üçün, özünüzü, ailə üzvlərinizi və ətrafınızda olan insanları qorumaq üçün karantin qaydalarına ciddi riayət etmək lazımdır. Yeni növ koronavirusun istənilən ştamı ilə mübarizə üsulları eynidir : qapalı və toplu insanlar olan məkanlarda maska taxmaq, əl gigiyenası qaydalarına ciddi riayət etmək, ara məsafəsinin saxlamaq, peyvəndlərin vaxtında vurdurmaq. Əgər 6 ay tamam olubsa bu halda buster dozanın vurulması çox vacibdir.


Xüsusilə qeyd etmək istəyirəm ki, peyvəndin birinci və ikinci dozaları kimi, üçüncü - Buster dozanın tətbiqi olduqca önəmlidir. İnsanlar vaxtında gücləndirici dozaları vurdurmaqla özlərini koronavirusun yeni ştamlarından qoruya bilir və ya yoluxduqda ağırlaşma olmadan ev şəraitində müalicə almaqla əvvəlki həyat şəraitinə dönə bilirlər.

Bu gün çox geniş yayılan, koronavirusun yeni ştamı olan “Omikron”un yüngül keçməsində peyvəndin böyük rolu var. Peyvəndlənmə sayəsində xəstələr daha çox evdə müalicə alırlar. Qeyd edim ki, artıq dünyanın 40-dan çox ölkəsində yayılan “Omikron”un yeni yarımnövü - BA.2 də çox yolxucudur. BA.2 çox sürətlə hətta “Omikron”dan da sürətlə yayılır.


Ümumdünya Səhiyyə Təşkilatının virusun gələcək həftələrdə daha şiddətli xarakter alacağı, daha geniş yayılacağı ilə bağlı xəbərdarlığı yenidən peyvəndləmənin vacibliyini aktuallaşdırır. Çünki peyvənd olunmuş insanlarda artıq koronavirusa qarşı immunitet yaranır və bu səbəbdən onlar virusa yoluxma halında xəstəliyi ya asimptomatik, ya da çox asanlıqla keçirəcəklər.

“Omikron”la bağlı qorxu onun daha yoluxdu­rucu olmasıdır. Əvvəl bir xəstə 10 nəfərin arasında birini yoluxdururdusa, indi bu say 5-8 nəfərə çatır. Eyni zamanda, bədənimizdə COVID–19 virusuna qarşı yaranmış anticisimlər bir qədər də rezistentlik qazanıb. Qısa müddətdə yoluxma sayında yüksək artım hamıda təşviş doğurmağa başlayıb. Lakin bu ştammın törətdiyi xəstəlik ağır gedişə malik olmur. Yuxarı tənəffüs infeksiyalarında bir çox klinik əlamətlər oxşardır. Həkimlər ona soyuqlama əlamətləri deyirlər. “Omik­ron” nisbətən yüngül gedişə malik olması ilə xarakterizə olunduğundan onu qripdən fərqləndirmək bir qədər də çətinləşib.


Onun COVID-19 olub-olmadığını yalnız xüsu­si testlərlə müəyyən etmək mümkündür. Əslində, xəstənin hansı ştamma yoluxması­nın klinik cəhətdən əhəmiyyəti yoxdur. Testin pozitiv olması kifayətdir. Hamı bilməlidir ki, yuxarı tənəffüs yollarının infeksiyaları qışda aktivləşir. Bu, soyuq havanın təsiri altında bizim yuxarı tənəffüs yollarımı­zın yerli müdafiə qabiliyyətinin azalması ilə əlaqəli olan təbii bir prosesdir. Özünü qoruyan insanlarda respirator infeksi­yalar müşahidə olunmur. Bunun üçün maska taxmaq vacib şərtdir.

Lakin koronovirusla mübarizənin ən optimal yolu peyvənd olunmaqdır. Virusa yoluxanların arasında yalnız peyvənd olunanlar xəstəliyi yüngül keçirirlər. Buna görə də hər kəs vaksin vurdurmaq barədə ciddi düşünməlidir.

Vətəndaş PCR testinin müsbət nəticəsini aldıqdan sonra evdə özünü təcrid etməlidir. Xəstəlik boyu mümkün qədər çox maye içmək lazımdır. Yüksək temperatur varsa, qızdırmanı aşağı salan dərmanlar qəbul etmək tövsiyə olunur. Öskürək əleyhinə dərmanlara gəlincə, onları nisbətən qısa müddətə qəbul etmək olar. Heç bir dərman vasitəsi ilə keçməyən yüksək hərarətiniz varsa, döş qəfəsində ağrılar , nəfəs darlığı və hava çatışmazlığı hiss edirsinizsə, dəriniz mavi rəngə çevrilibsə, dərhal həkimə müraciət etməlisiniz.


Virusun yayılma həcmini azaltmaq istiqamətində dövlət tərəfindən görülən tədbirlərə dəstək verməyin tək yolu Buster dozanın qəbul edilməsidir. Əks təqdirdə iki doza peyvənd vurulmuş şəxslərin virusa yoluxmaq ehtimalı getdikcə artır. Çünki dozaların qəbul edilməsi üçün aradakı maksimum müddətin (6 ay) bitməsi qanda anticisimlərin artıq sıfır səviyyəyə düşməsinə səbəb olur. Bu baxımdan Buster dozanın vaxtında vurulmaması dalğanın geniş vüsət almasına, yenidən ağır fəsadların müşahidə edilməsinə gətirib çıxara bilər.

Koronavirusun yeni "Omikron" ştamının ciddi fəsadlar törətməsinə şərait yaratmamaq, bu ştamdan da daha az itkilərlə yaxa qurtarmaq üçün Buster dozanın vurulması vacibdir. Nəzərə alsaq ki, Ümumdünya Səhiyyə Təşkilatı mart ayına Avropa əhalisinin yarıdan çoxunun "Omikron" ştamına yoluxacağını proqnozlaşdırır, o zaman ümumi qlobal riskin çox yüksək olduğu bu ştamdan yeganə xilas yolu qısa zamanda Buster – üçüncü dozanı vurdurmaqdır. "Med News”