“Moderna” peyvəndi koronavirus infeksiyasına qarşı “Pfizer”-“BioNTech” peyvəndindən daha çox antitel yaradır.
“Moderna” – ABŞ-ın eyni adlı şirkətinin istehsal etdiyi peyvənddir. “Pfizer”-“BioNTech” peyvəndi ABŞ-ın “Pfizer” şirkəti ilə Almaniyanın “BioNTech” şirkətinin birgə istehsalıdır.
Medicina.az -ın məlumatına görə, Novator.az saytı ABŞ-ın “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, “Moderna”nın “Pfizer”-“BioNTech”dən daha çox antitel yaratdığını Belçikada koronavirusa yoluxmamış 2500 səhiyyə işçisi arasında aparılan tədqiqat göstərib.
Tədqiqatın nəticəsi ABŞ Tibb Assosiasiyasının jurnalında dərc olunub.
“Moderna”nın daha çox antitel yaratmasının əsas səbəbləri sırasında onun tərkibindəki aktiv qatışıqların sayının “Pfizer”-“BioNTech”lə müqayisədə daha artıq olması göstərilir.
“Moderna” peyvəndinin iki dozası arasındakı intervalın dörd həftə, “Pfizer”-“BioNTech”in dozaları arasındakı intervalın üç həftə olması da “Moderna”nın üstünlüyü, daha güclü antitel yaratmasının səbəblərindən biri kimi vurğulanır.
Bu ilin yanvar-iyul aylarında ABŞ-da səhiyyə işçiləri arasında aparılan tədqiqat da “Moderna” peyvəndinin “Pfizer”-“BioNTech” peyvəndi ilə müqayisədə koronavirus infeksiyasına yoluxma riskini iki dəfə çox azaltdığını göstərmişdi.
Mənbə: Bloomberg.com