"Yuxuda olarkən nəfəsiniz kəsilirsə, səhər oyandıqda isə başınız ağrayırsa, bu, apnoe sindromudur. Obstruktiv Yuxu Apnoe Sindromu xroniki xorulduyan insanlarda müşahidə edilir".
Medicina.az xəbər verir ki, bunu Avropa Nevrologiya Akademiyasının üzvü, nevroloq Qalib Əsədov bildirib. Onun sözlərinə görə, buna səbəb tənəffüs yollarının udlaq səviyyəsində periodik bağlanmasıdır:
"Xəstəliyin əsas simptomu yuxuda vaxtaşırı tənəffüsün 30-40 saniyə ərzində tamamilə kəsilməsidir. Bir gecə ərzində bəzi pasientlərdə ümumi müddəti 3-4 saat, sayı 400-500-ə qədər tənəffüsün dayanması epizodları qeydə alınır. Təhlükəni aradan qaldırmaq və tənəffüs yollarını açmaq üçün orqanizm bütün imkanları səfərbər edərək və simpato-adrenal sistemini aktivləşdirərək vəziyyətdən çıxır. Ancaq SAS-nın aktivləşməsi ürək vurğuların sayını, arterial təzyiqi və qanın laxtalanmasını artırır. Bununla yanaşı pasientlərin 60-70 faizində yuxu zamanı oksigenin xroniki defisiti yaranır. Nəticədə, belə xəstələrdə miokard infarktının, beyin insultunun, ürək aritmiyalarının riski, hətta qəfil ölüm etimalı xeyli artır. Beynəlxalq tədqiqatlardan məlumdur ki, Yuxu Apnoe sindromunun ağır forması olan pasiyetlərdə ürək-damar xəstəlikləri ilə bağlı ölüm 8-10 dəfə artır. Yuxu Apnoe Sindromunun orta və ağır dərəcəli formalarının ən effektivli müalicə metodu CPAP terapiyadır (gecə yuxusu zamanı daimi müsbət təzyiqlə ağ ciyərlərin yardımçı ventilya üsulu). Xəstədə elə birinci gecə xorultu və tənəffüsün dayanma halları aradan qalxır, qanın oksigenlə təminatı normalizə olunur, yuxunun keyfiyyəti inanılmaz dərəcədə yaxşılaşır. Maksimal effektin alınması üçün müalicə mütamadi olaraq ev şəraitində davam etdirilməlidir.
Aşağıda göstərilən tədbirlərlə xorultunu azaltmaq mümkündür:
• Bədən çəkinizi azaltmağa çalışın;
• Yuxuya getməzdən 2 saat əvvəl spirtli içki qəbul etməyin, sigaret çəkməyin;
• Yuxuya getməzdən 3-4 saat əvvəl qida qəbul etməyin;
• Yataq otağında hipoallergen mühit yaradın: gülləri və xalçaları yığışdırın, evdə heyvan saxlamayın, müasir təbii və ya sintetik materiallardan hazırlanmış yastıq və yorğandan istifadə edin;
• Gündə 3 dəfə 1-2 saniyə ərzində dilinizi maksimal dərəcədə önə çəkin və bu hərəkəti 30-40 dəfə təkrarlayın".