Sıyıqlar sağlam və faydalı qida hesab olunur. Lakin bəzən sıyıqlar insan sağlamlığına ziyan vura bilər.
Bu xüsusilə bəzi xroniki xəstəlikləri olan insanlara aiddir.
Rusiyalı diyetoloq Mariyat Muxina Roskaçestvo-ya bəzi tez-tez yediyimiz və faydalı hesab etdiyimiz sıyıqların mənfi tərəflərini açıqlayıb.
Medicina.az Saglamolun.az-a istinadən diyetoloqun tövsiyələrini təqdim edir:
Yulaf yarması sıyığı ("gerkules"). Çox faydalı sıyıqdır. Qastrit və mədə iltihabı zamanı yaxşı kömək edir, qəbizliyi aradan qaldırır, vitamin və minerallarla zəngindir. Lakin yulaf yarmasının tərkibində "fitin" adlı maddə var. Bu maddə sümüklərdən kalsiumun yuyulmasını tezləşdirir. Bu səbəbdən yulaf yarmasnı həftədə 1-2 dəfədən çox yemək tövsiyə edilmir.
Qarabaşaq sıyığı. Bu da çox faydalı sıyıqdır. Əməliyyat keçirmiş insanlar, hamilə qadınlar üçün çox faydalıdır. Lakin qəbizlik və köpə meylli olan, böyrək çatışmazlığı və mədə xorasında əziyyət çəkənlər bu sıyığın istehlakını məhdudlaşdırmalıdır.
Düyü sıyığı. Ekspert qəhvəyi düyüyə üstünlük verməyi tövsiyə edir. Bu düyü beyinin fəaliyyətinə müsbət təsir edir, orqanizmdən artıq mayeni çıxardır, yuxunu tənzimləyir.
Ağ düyünü isə (xüsusilə "aş düyüsü" kimi tanıdığımız düyü növünü) məhdudlaşdırmaq lazımdır.
Skleroz və diabetdən əziyyət çəkənlər ağ düyü yeməməlidir. Həmçinin düyünün tez-tez istehlakı böyrək daşı xəstəliyinin inkişafına təkan verə bilər.
Manna. Manna yarmasında da sümüklərin sıxlığına mənfi təsir edən fitin var.
Şəkərli diabet və piylənmədən əziyyət çəkənlər və 3 yaşına qədər uşaqlar manna sıyığını yeməməlidir.
Darı yarması sıyığı. Bu sıyıq orqanizmə bərpa olunmağa kömək edir, güc verir. Lakin qastrit, mədə xorası xəstəliyi, podaqra, böyrək xəstəlikləri zamanı bu sıyığı qidalanmaya yalnız müalicə həkimi ilə məsləhətləşdikdən sonra daxil etmək olar.