Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu simptomlar üzə çıxarsa, bir stəkan su için!

  • 2024.03.14 21:10
  • 943 Baxış
Bu simptomlar üzə çıxarsa, bir stəkan su için!
Həyat üçün çox vacib olsa da, bir çox insan gün ərzində kifayət qədər su içmir.

Mütəxəssislər bildirirlər ki, özünü dünyanın ən təbii sərvətindən məhrum edənlər bədənlərinə zərər verirlər.

Aşağıdakı simptomlar gün ərzində bədəninizin ehtiyac duyduğu qədər su içmədiyini göstərir. Bu simptomlardan hərhansı biri üzə çıxarsa, dərhal gedib bir stəkan su içmək faydalı ola bilər.

Medicina.az susuzluğun simptomlarını təqdim edir:

Ağızda quruluq

Demək olar ki, hamı ağız quruluğunun susuzluqdan olduğunu bilir və dərhal susuzluğunu yatızdıracaq maye axtarır. Lakin belə vəziyyətdə bir çoxu səhv seçim edir. Susuzluğu şəkərli, qazlı içkilərlə və ya çayla yatızdırmaq böyük problemin müvəqqəti həllidir. Susadıqda mütləq su içmək lazımdır. İçməli su ağız və boğazınızdakı selikli qişaları yağlayır, ilk qurtumdan sonra dərhal faydalı təsir göstərir.

Quru dəri


Dəri bədəninizin ən böyük orqanıdır və təbii ki, nəmli qalmalıdır. Əslində, quru dəri susuzluğun ən erkən əlamətlərindən biridir və buna əhəmiyyət verməmək gələcəkdə daha böyük problemlərə səbəb ola bilər. Su çatışmazlığı tərin olmaması deməkdir, nəticədə orqanizm gün ərzində yığılan artıq kir və yağı ata bilmir. Bu cür halların və sızanaqların qarşısını almaq istəyirsinizsə, etməli olduğunuz ilk şey daha çox su içməkdir.

Gözlərdə quruluq

Su çatışmazlığı gözlərdə quruluğa və qızartıya səbəb olur. Bədəndə su yoxdursa, gözyaşardıcı kanallarınız quruyacaq. Xüsusilə linzalardan istifadə edənlər üçün bu vəziyyət daha da risklidir.

Oynaq ağrıları

Qığırdaq və onurğa disklərinin təxminən 80 faizi sudan ibarətdir. Bu, atdığımız hər addımda sümüklərimizin bir-birinə sürtünməməsi üçün mütləq bir zərurətdir. Bədəni kifayət qədər su ilə təmin etməmək oynaqlarda problemlərə səbəb olur.

Əzələ kütləsində azalma

Əzələlər də əsasən sudan ibarətdir. Aydındır ki, bədəndə suyun az olması daha az əzələ kütləsi deməkdir. Məşqdən əvvəl, məşq zamanı və sonra su içmək çox böyük əhəmiyyət kəsb edir. Su içməklə məşq və ya ağırlıq qaldırma ilə bağlı iltihab və ağrıların yaranma ehtimalını da azaltmaq olar.

Tez-tez xəstələnmək

İçməli su bədəninizin davamlı olaraq toksinləri atmasına imkan verir. Orqanlarınız bəzi tullantıları süzmək üçün bir maşın kimi işləyir, ancaq maşını su ilə doldurmasanız, düzgün işləyə bilməz. Susuz bir bədəndə baş verənlər sizin tez-tez xəstələnməyinizə səbəb olacaq.

Yorğunluq

Susuzluq qanın da tərkibinə təsir edir. Bu, qanın bədənə daşıdığı oksigen miqdarının az olması ilə nəticələnir. Əlbəttə ki, oksigen çatışmazlığı yuxululuğa və səbəbsiz yorğunluğa səbəb olur.

Aclıq

Bədən susuz qaldıqda beyin bir az yeməyə ehtiyacınız olduğunu düşünməyə başlaya bilər. Yəni susuzluqla, aclıq siqnalları tez-tez qarışır. Odur ki, mütəmadi olaraq ac hiss edirsinizsə, gün ərzində içdiyiniz su miqdarını artırın.

Həzm problemləri

Kifayət qədər su içmədikdə mədənin də işi çətinləşir. Belə halda mədə turşusunun daxili orqanlara zərər vurma riski yaranır. Bu zaman mədə yanması və həzmsizlik kimi problemlər üzə çıxır.

Erkən qocalma

Yaşlandıqca bədənimizin saxlaya bildiyi su miqdarı təbii olaraq azalır. Bu o deməkdir ki, yaşlandıqca şüurlu şəkildə su qəbulunu artırmaq lazımdır. Əks halda erkən yaşlanma ilə üzləşə bilərsiniz. Erkən yaşlanma təkcə xaricdən hiss olunmur, onun daxili orqanlara vurduğu zərərlər də özünü zamanla hiss etdirir.

Aysel