Noyabrın 2-də başlayan və ayın 4-ə qədər davam edəcək III Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisində (“Medinex”) “Caspian International Hospital” da uzman həkimlə təmsil olunur.
"Medicina" xəbər verir ki, klinikanın stendinə yaxınlaşanlar pulsuz ilkin müayinələrdən keçə bilirlər. Təzyiq, şəkər, qanda oksigenin həcmi (saturasiya) ölçülür və ən əsası, SECA cihazında pulsuz müayinədən keçirlər.
SECA – bədən indeksləri əsasında ilkin diaqnozlar verir, simptomları müəyyənləşdirir. Cihaz boy və çəkiyə uyğun olaraq, bədəndəki su və yağ kütləsinin miqdarını hesablaya bilir, risklər barədə xəbərdarlıq edir. Müayinə üçün yalnız ayaqyalın olmaq kifayətdir, soyunmağa ehtiyac olmur.
Müayinələr “Caspian International Hospital”ın tibbi personalı tərəfindən aparılır, nəticələri Daxili Xəstəliklər Uzmanı Nurlan Hüseynov və endokrinoloq Günel Axundova dəyərləndirir.
Tibb müəssisəsinin İnkişaf və İctimaiyyətlə Əlaqələr üzrə meneceri Çingiz Özgürün verdiyi məlumata görə, ödənişsiz ilkin müayinələr noyabrın 3-ü və 4-ü də sərgidə davam etdiriləcək. Hər kəs Bakı Ekspo Mərkəzinə gələrək M220-cü stendə yaxınlaşıb müayinələrdən keçə bilər.