Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında Balakən şəhəri, Tofiq Quliyev küçəsində yaşayan Çonpuzov Elgün Zeynəddin oğluna məxsus həyətyanı sahəyə baxış keçirib.
AQTA-dan Medicina.az-a verilən məlumata görə, baxış zamanı vətandaş Çonpuzov Elgün Zeynəddin oğlunun həyətyanı sahəsində qanunsuz və antisanitar şəraitdə kəsimi həyata keçirilən, təxmini, çəkisi 64 kq olan at cəmdəyi aşkar edilib.
Heyvan cəmdəyinə baxış keçirilən zaman onun bakterioloji çirklənməyə məruz qaldığı şübhəsi yaranıb.
Heyvan cəmdəklərindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.
Hazırda faktla bağlı araşdırma davam etdirilir.