Son günlər uşaqlar arasında COVID-19-dan daha çox qripin yayıldığı qeyd edilir. Gedişi daha çox orta qulağın iltihabı ilə fəsadlaşır. İngiltərə səhiyyəsinin əməkdaşlarının verdiyi məlumat və proqnozuna görə, bu qış koronavirus və qrip eyni zamanda dövr edəcək.
Medicina.az xəbər verir ki, pediatr-neanotoloq Nurəngiz Hacıyeva bu barədə məlumat paylaşıb.
Məlumatda bildirilir ki, COVID-19 və qrip hər ikisi qızdırma, üşütmə, yorğunluq, öskürək və ağrı ilə müşahidə ediləcək. COVID-19 daha çox təngnəfəslik və dadın, qoxunun itirilməsi ilə müşayiət olunur:
"Qeyd etmək istərdim ki, hər bir insanın orqanizmində olan 100 trilyon hüceyrənin yalnız 32,2%-i, yəni 32,2 trilyonu orqanizmə məxsus spesifik hüceyrələrdir. Yerdə qalanı, yəni 68,8 trilyonu, mikrob, virus, bakteriya və s. kimi, patogen, şərti-patogen və saprofit mikroorqanizmlərdir. Uzunmüddətli birbaşa ünsiyyət və mütəmadi kontakt olmayan hallarda, fərdlər arası, bu mikroorqanizmlərdə “yadlaşma” və simbiozluğa “əks müqavimət” halı yaranır. Bu səbəbdəndir ki, il yarım çəkən fərdi təcrid rejimindən sonra, ilk dəfə birbaşa kontakt və ünsiyyət formasına keçildiyindən, fərdlər arasında virus ştammlarına münasibətdə “nisbi yadlaşma və əks müqavimət” yarandı".
Həkimin sözlərinə görə, çıxış yolu adi gigienik qaydalara riayət edib, normal həyat ritmini bərpa etməkdir. Hər iki infeksiya zamanı yalnız simptomatik müalicə və sakitlik rejiminə (evdə qalmaq) əməl olunması tələb olunur. Koronavirus isə yuxarıda sadalanan digər virus və bakteriyalar kimi ömürlük bizim kainatda qalacaq. /aztibb.az/