Pul əskinazında olan patogen bakteriya və mikrobların sayı kiçik epidemiya yaratmağa kifayət edir.
Medicina.az xəbər verir ki, bu barədə Rusiyalı alimlər araşdırma aparıblar. Ekspertlər plastik bank kartlarının müxtəlif infeksiyalara yoluxma baxımından kağız və dəmir pullardan daha təhlükəsiz olduğunu nəzərə çatdırıblar. Rusiyanın N.F.Qamaley adına epidemiologiya və mikrobiologiya elmi tədqiqat mərkəzinin alimlərinə görə, Rusiya ərazisində ən natəmiz pul, əlli rublluq əskinazlardır.
Sözügedən əskinazda tuberkulyoz, sətəlcəm, meningit və digər xəstəliklərə səbəb ola bilən 34 patogen mikroorqanizm aşkarlanıb.
ABŞ-ın bir dollarlıq əskinazı isə dünyanın ən çirkli əskinazlarından sayılır. Nyu-York universitetindən olan tədqiqatçılar ən aşağı nominallı dollarda dörd yüz növ təhlükəli mikroorqanizm üzə çıxarıb.
Onların arasında irinli səpgi, vaginal yolun infeksiyası, ağız boşluğu infeksiyaları və digər xəstəliklərə səbəb olan bakteriya və viruslar yer alır.