ABŞ-da aparılan araşdırmalar göstərib ki, təxminən hər üç amerikalıdan biri ən azı bir yaxınını həddindən artıq dozada narkotik qəbulu səbəbilə itirib.
Medicina.az xəbər verir ki, Johns Hopkins Bloomberg Xalq Sağlamlığı Məktəbi tərəfindən aparılan araşdırma çərçivəsində sorğu suallarını cavablandıran iştirakçıların 32 faizi sevdikləri və ya tanıdıqları birinin həddindən artıq dozada narkotik qəbulu səbəbilə öldüyünü bildirib.
"Narkomaniya böhranı milli faciədir. Həddindən artıq dozada narkotik qəbulunun dağıdıcı təsirləri ilə mübarizə aparmaq üçün siyasət dəyişikliyi edilməlidir”, - deyə tədqiqat qrupundan olan Alin Kennedi Hendriks bildirib.
Araşdırma çərçivəsində hər il on minlərlə insanın ölümünə səbəb olan bu vəziyyətin iqtisadi xərcinin 1 trilyon dolları keçdiyi də diqqətə çatdırılıb.
Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) məlumatına görə, ABŞ-da hər il 100 mindən çox insan həddindən artıq doza qəbulundan ölür. 1990-cı ildən bəri ABŞ-da 1 milyondan çox insan həddindən artıq dozada narkotik qəbulundan ölüb. Bu ölümlərin əksəriyyəti fentanil kimi sintetik opioidlərlə bağlıdır.
Milli Narkotiklərlə Mübarizə İnstitutunun araşdırmasına görə, təkcə son 10 ildə ABŞ-da 321 mindən çox uşaq həddindən artıq doza qəbuluna görə valideynlərini itirib.
Aysel