Uşaq cərrahı Toğrul Ömərov son zamanlar valideynlərin uşaqlarını sünnət etdirməzdən əvvəl müayinədən keçirmədən, harda oldu, kimə oldu sünnət etdirərək onların gələcək cinsi həyatını təhlükəyə atdıqlarını bildirdi. Həkim medicina.az-a hansı uşaqların sünnət yox, cərrahi əməliyyat edilməli olduğunu açıqladı:
" Hipospadiya "peyğəmbər sünnəti” və gömük penis – batıq penis patologiyalarında uşaq əvvəlcə cərrahi əməliyyat olunmalı və bu zaman cərrah tərəfindən sünnət edilməlidir. Əməliyyatla qüsur düzəldilməlidir. Amma təəssüf ki, son zamanlar bizə gələn hipospadiyalı uşaqların çoxu artıq sünnət olunmuş olub. Bu əməliyyatda bizə sünnət zamanı kəsilib atılmış dəri çox lazım olur. O dəri olmadığına görə, məcbur olub başqa nahiyədən, məsələn ağız boşluğundan dəri götürürük. Halbuki uşaq sünnətdən öncə gətirilsəydi, əməliyyat da asan olardı.
Həmçinin batıq penis sindromunda, sünnətdən öncə orqan düzəldilməlidir. Çünki sünnət olunduqdan sonra orqan daha da kiçilir, içəri batır, sonradan onu düzəltmək çətindir.
Ona görə valideynlər sünnət məsələsi xeyir işdir deyib tələsməkdənsə, uşağı uşaq uroloq və cərrahına göstərsinlər”
Həkim sünnət üçün ideal yaşın 3 aylıqdan 2 yaşa kimi olduğunu da bildirdi. Sünnət üçün mövsüm fərqi yoxdur, yay aylarında da oluna bilər.