Nevroloq Dr. Özden Yener Çakmak yuxusuzluğa səbəb olan narahat ayaqlar sindromundan danışıb.
Medicina.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həkim gecələr ayaqlarda baş verən narahatlıqların səbəblərini izah edib:
“Ayaqlarda narahatlıq halları oturmaq və ya uzanmaq kimi uzun müddət hərəkətsiz qaldığımız vəziyyətlərdə başlayır və əsasən də gecələr artır. Bu, ayaqları hərəkət etdirməkdə çətinlik çəkmək, sancı, yanma şəklində üzə çıxa bilər. Problem bəzən bir ayaqla məhdudlaşır, bəzən də hər iki ayaqda müşahidə olunur. Bəzi xəstələrdə qollarda da eyni hal təkrarlanır. Bütün bunlar isə yuxu problemlərinə səbəb ola bilir”, - nevroloq bildirib.
Onun sözlərinə görə, ayaqlarda istirahət zamanı yaranan bu cür narahatlıqların bir çox səbəbi ola bilər:
“Lakin bu vəziyyətdə həkimlər ən birinci dəmir çatışmazlığının olub-olmadığını aydınlaşdırmaq üçün test götürürlər. Nəticə şübhələri doğruldarsa, dəmir vitaminlərinin qəbulu müalicədə əhəmiyyətli rola malik olacaq.
Ayaq və qollardakı bu narahatlıqların səbəbi mütləq tapılmalı və düzgün diaqnozdan sonra müalicə yazılmalıdır. Çünki bu hallar xroniki nevroloji xəstəliklərin gedişində də müşahidə olunur. Bu baxımdan doğru diaqnoz həyat xilas edir”.
Həkim ayaq və qollarda gecələr artan narahatlıqlar səbəbilə yuxusuz qalanlara qısa müddətdə təsir edə biləcək məsləhətlər də verib:
“Alkoqol və kofein istehlakını dayandırmaq, siqaretdən imtina, müntəzəm idman, yatmazdan əvvəl isti vanna qəbul etmək, hər gün eyni saatda yatıb oyanmaq vəziyyətinizi yaxşılaşdıra bilər. Lakin bunlar müalicə üsulu deyil. Mütləq mütəxəssis rəyi əsasında dərman müalicəsinə başlamaq lazımdır”.
Aysel