Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu kafedranın 1 əsrə yaxın yaşı var - FOTOLAR

  • 2019.02.11 18:56
  • 6051 Baxış
Bu kafedranın 1 əsrə yaxın yaşı var -  FOTOLAR
 


Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ATU-nun Uşaq cərrahlığı kafedrasının yaranmasının 80 illiyinə həsr olunmuş uşaq cərrahiyyəsi üzrə elmi-praktiki konfrans keçirilib.

 

Medicina.az xəbər verir ki, konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universiteti tərəfindən təşkil olunub.


ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov konfransı açaraq, tədbirin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Uşaq cərrahlığı kafedrası 1938-ci ildə hazırkı ATU-nun tərkibində yaranıb: "Uşaq cərrahlığı kafedrasının təxminən 1 əsrə yaxın yaşı var və bu kafedrada çalışan insanlar, onların yetişdirdiyi mütəxəssislər daimi olaraq Azərbaycan xalqının xidmətində dayanıb. Bu konfransda iştirak edən uşaq cərrahlarının böyük hissəsi də məhz uşaq cərrahlığı kafedrasının yetirmələridir. Bu mütəxəssislər gənc nəslin sağlam böyüməsində öz bilik və bacarıqlarını əsirgəməyiblər”.


Daha sonra çıxış edən Tədris Cərrahiyyə Klinikasının direktoru Surxay Hadıyev uşaq cərrahiyyəsinin çox geniş sahəni əhatə etdiyini bildirib. Onun sözlərinə görə, uşaq cərrahları baş-boyun nahiyyəsi, döş qəfəsi, qarın boşluğu, sidik-cinsiyyət sistemi və hətta neonatal dövrdə cərrahi müdaxilələr icra edən həkimlərdir.


Klinikanın baş həkimi, uşaq cərrahlığı kafedrasının müdiri Ramiz Poluxov konfransın əhəmiyyətindən söz açaraq uşaq cərrahiyyəsi mövzusunda konfransın Azərbaycanda ilk dəfə keçirilməsini müsbət hadisə adlandırıb.


Həmçinin uşaq cərrahlığı kafedrasının fəaliyyəti, nəzdindəki əməliyyatlar, aparılan elmi işlər haqqında geniş məlumat verilib.


Elmi-praktiki konfransda tanınmış tibb mütəxəssisləri "Uşaqlarda Hirşprunq xəstəliyinin diaqnostika və müalicəsi”, "Uşaqlarda qasıq yırtığının endocərrahi müalicəsi”, "Anadangəlmə əyripəncəliyin müasir müalicə metodları”, "Hamiləlik zamanı ana bətnində aparılan invaziv prosedurlar”, "Koxlear implant əməliyyatından sonra nitqin inkişafı” və s. mövzularda müzakirələr aparıblar.