Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 26 may 2021-ci il tarixli qərarına dəyişiklik edib.
Medicina.az xəbər verir ki, Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, sabahdan İran ilə əldə olunmuş müvafiq razılaşmanın tələblərinə uyğun olaraq, Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun qonşu ölkənin ərazisindən keçməklə həyata keçirilməsinə aşağıdakı tələblərə riayət etməklə icazə verilir:
- Avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən COVID-19-a dair PCR testi barədə arayış tələb olunmur, ölkə ərazisində Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsinə gələn həmin sərnişinlərdən tibbi personal tərəfindən COVID-19-a dair PCR testinin keçirilməsi məqsədilə yaxma götürülür və ölkə vətəndaşları üçün bu müayinələr ödənişsiz əsaslarla aparılır;
- Səfər zamanı daşıyıcı, sərnişinlər və sərnişin avtonəqliyyat vasitəsinin işçi heyəti tərəfindən xüsusi karantin rejiminin tələblərinə və koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə çərçivəsində qəbul edilmiş tələblərə əməl edilməsi məcburidir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Xarici İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naxçıvan MR-nın Nazirlər Kabineti bu Qərardan irəli gələn zəruri məsələləri həll etməlidir.