Azərbaycanda koronavirus əleyhinə 42 746 doza vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 173, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 573 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 884 266, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 850 515, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 033 751 təşkil edir.
Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələri üzrə hesabatında açıqlanıb ki, Azərbaycanda COVİD 19-a qarşı vaksinasiya sayı dünya üzrə ortalama göstəricidən çoxdur. Bununla belə, “Delta” ştammının bütün dünya, eləcə də Azərbaycanda sürətlə yayılması 3-cü doza vaksinin vurulmasını aktual edib. Bu səbəbdən Azərbaycanda da koronavirusa qarşı vaksinin 3-cü- buster dozasının tətbiqinə qərar verilib. Bu xəbər verilər-verilməz insanlarda bəzi suallar yaranıb. İnsanları maraqlandıran isə odu ki, 3-cü doza vaksin könüllü olacaqmı?
Bəs görəsən, kimlərə 3-cü doza vaksin vurula bilməz?
Medicina.az xəbər verir ki,
TƏBİB-in İnfeksion İşçi Qrupunun üzvü Turan İbrahimova Musavat.com-a ilk olaraq 3-cü dozanın tətbiqi ilə bağlı yaranan zərurət barədə danışıb:
“Pandemiya zamanı ən həlledici qorunma yollarından biri əhalinin kütləvi şəkildə peyvənd edilməsidir. Peyvənd vasitəsilə orqanizm törədiciyə qarşı anti cisim əldə edir. Bu anticismlər də orqanizmin xəstəliyə tutulma riskini aşağı salır. Lakin hər bir törədiciyə qarşı tətbiq olunan peyvənd cədvəli fərqlidir. Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, COVİD -19 virusuna qarşı tətbiq olunan birinci və ikinci doza peyvənddən sonra, bir müddət sonra anticisimlərdə enmə müşahidə olunur. Bu elmdə anti cisim səviyyəsinin enməsi, xəstəliyə tutulma riskininin artması deməkdir.
Müxtəlif dünya ölkələrinin araşdırmaları nəticəsində COVİD- 19 virusuna qarşı buster doza, yəni qüvvətləndirici doza məsləhət görülür. Müxtəlif ölkələrin praktikasını nəzərə alsaq, ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin məlumatına əsasən, ilk buster dozadan altı ay keçmiş və 65 yaşdan yuxarı, həmçinin 18 yaşdan yuxarı olan və yan xəstəlikləri mövcud olan, yüksək risk şəraitində yaşayan və işləyən şəxslərə vurulması tövsiyə edilir. Böyük Britaniyanın Milli Səhiyyə Xidmətindən isə bildirilir ki, 50 yaşdan yuxarı insanlar, həmçinin 16 yaş üzəri və yüksək risk qrupları, yenə də həmçinin yüksək risk şəraitində yaşayan və işləyən şəxslər buster doza qəbul edə bilərlər. İsraildə isə üçüncü doza 60 yaş üzəri vətəndaşlarla yanaşı, avqust ayından 12-16 yaşında olan insanlara da tətbiq edilməyə başlayıb. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən isə buster doza immunosuppressiv hallarda və həssas qruplara tövsiyə edilir. Türkiyədə və Amerika Birləşmiş Ştatlarında keçirilmiş tədqiqatlara əsasən, buster dozanın effektliyi artıq sübuta yetirilib. Kimlər üçüncü dozanı vurmalıdır? Digər ölkələrin praktikasına nəzər salsaq, bizdə peyvənd yaşını tamamlamış insanlara, həmçinin 60, yaxud 65 yaş üzəri insanlara, yüksək risk şəraitində yaşayan və işləyən insanlara üçüncü dozanın tətbiqini məsləhət görürük. Lakin üçüncü doza COVİD-19 peyvəndi yalnız istəyə əsasən, könüllü şəkildə tətbiq oluna bilər".
TƏBİB rəsmisi onu da deyib ki, əgər şəxs normal şəkildə birinci və ikinci dozasını alıbsa və şəxs peyvəndləmə yaş həddini də tamamlayıbsa, o zaman istəyə əsasən könüllü olaraq üçüncü - buster dozanı da vurdura bilər.
Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Könül İsmayılova da danışıb:
“3-cü doza qüvvətləndirici dozadır, tətbiqi COVİD-19 infeksiyasına qarşı qanda olan anti tellərin titrinin 6- 9 ay sonra aşağı düşməsi ilə bağlı olaraq, COVİD- 19 xəstəliyinin ağır keçməsi ehtimalı və daha çox yoluxma riski olan şəxslərdə, yəni həssas əhali qruplarına tövsiyə olunur. Bunlara da ilk növbədə, tibb işçiləri (çünki covid infeksiyası ilə birbaşa təmasdadırlar), yaşı 60-dan yuxarı olan şəxslər və bir sıra xronik xəstəlikləri olan (şəkərli diabet, piylənmə, immunodefisit vəziyyət və s.) nəzərdə tutulur. 3-cü doza kimi, Azərbaycanda tətbiq olunan istənilən növ vaksinin bir dozası kifayətdir. Bu, könüllülük prinsipi ilə həyata keçiriləcək. Vaksinin komponentlərinə qarşı allergiyası və ya anamnezində ağır anafilaksiya olanlar, ilk vaksinasiyada ağır allergik reaksiya müşahidə olunan şəxslər, süd verən analar və hamilələrə, eyni zamanda hər hansı bir xəstəliyin aktiv mərhələsində olan şəxslərə (bu hal da müvəqqəti əks-göstəriş sayılır) tövsiyə olunmur”.