Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 44 min 510 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilən 1188 nəfərdən 744-nün istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
Medicina.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
2023-cü ilin yanvar-iyun ayları ərzində 2 min 877 nəfər yeni qeydiyyata götürülüb. Həmin şəxslərdən 1584 nəfəri dispanser, 1293 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 70 nəfəri qadındır. 1946 nəfər isə qeydiyyatdan çıxarılıb.
Həmin dövrdə narkotik vasitələrdən aşırı doza nəticəsində 92 nəfər həyatını itirib. Onlardan 89-u kişi, 3-ü isə qadındır.