Bu il 9 ay ərzində Azərbaycanda 497 nəfər İİV infeksiyasına yoluxub.
Bunu Medicina.az saytına müsahibəsində Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov bildirib.
İİV-ə yoluxanların 97 faizi (482 nəfər) Azərbaycan vətəndaşı, 3 faizi (15 nəfər) əcnəbidir. Qeydiyyata götürülənlərin 32,2 faizi (155 nəfər) qadın, 67,8 faizi (327 nəfər) kişilərdir. Bu dövr ərzində QİÇS mərhələsinə 138 nəfər Azərbaycan vətəndaşından olan İİV-li xəstələr keçib. Ümumilikdə, qeydiyyata götürülənlərin İİV-ə yoluxma yollarına gəlincə, onlardan 44 faiz inyeksion narkotik istifadəçiləri təşkil edir. 44,1 faiz hetroseksual, 2,6 faiz homoseksual kontakt nəticəsində, 1,8 faiz anadan uşağa keçməklə, 7,6 faiz naməlum yolla yoluxanlardır.0,02 faizdə (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş verib.
N. Zülfüqarov qeyd edib ki, 2018-ci il oktyabrın 1-ə Azərbaycanda 6 min 68 nəfər QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyatda olub. İndiyə qədər İİV-ə yoluxmuş 946 nəfər dünyasını dəyişib. Onlardan 70 nəfəri məhz 2018-ci ilin 9 ayı ərzində dünyasını dəyişib.
Şöbə müdiri deyib ki, naməlum yolla yoluxma dedikdə, epidemoloji müayinə aparılarkən heç vaxt ilk baxışda yoluxmanın mənbəyini təyin etmək mümkün olmur: "Bəzən bu proses illərlə davam edir. Bəzi insanlar narkotik vasitələrdən istifadə etdiyini etiraf etmir və biz də onu müəyyən edə bilmirik. Bu, naməlum kateqoriyaya daxil edilir. Zamanla bu insanların hansı yolla yoluxduqları məlum olur. Ümumilikdə dünya standartlarında 20 faizə qədər yoluxmanın naməlum yoluxma kimi qeydiyyata alınması normal hal sayılır. Bizdə isə bu sahədə 7,6 faiz kimi çox aşağı göstərici var”.
N. Zülfüqarovun sözlərinə görə, ümumilikdə, xəstəliyin 3 yoluxma yollarının olduğu təsdiqini tapıb. Bunlardan birincisi parenteral (qan vasitəsi) yoluxmadır: "Bu, dərinin tamlığı pozularaq dəri altındakı qan, hər hansı bioloji mayelər vasitəsi ilə bir şəxsdən digər şəxsə keçməsidir. İkinci yoluxma yolu cinsi əlaqədir. Bura həm hetroseksual, həm də homoseksual cinsi əlaqə aiddir. Üçüncü yol isə anadan uşağa yoluxma sayılır. Bu da artıq bəzi ölkələrdə geniş yayılıb. İİV-in anadan uşağa ötürülmə halının aşağı və yuxarı olmasına əsasən epidemiyanın hansı mərhələdə olması müəyyənləşdirilir. Əgər yeni doğulan uşaqlar arasında İİV-ə yoluxanların sayı 1 faizdən yüksək olarsa, bu, artıq epidemiyanın generaliziyasiya mərhələsi sayılı. Yəni bu, infeksiyanın geniş əhali kütləsi arasında yayılmasını göstərir. Çox təəssüf ki, vətəndaşlarımızın əmək miqrantları qismində tez-tez getdikləri qonşu ölkələrdən Rusiyanın bəzi regionlarında, o cümlədən Ukraynanın bir sıra regionlarında artıq epidemiyanın generaliziyasiya mərhələsində olduğu təsdiqini tapıb. Bu da ölkəmiz üçün bir qədər riskdir. Çünki bu ölkələrə gedib-gələn azərbaycanlıların sayı kifayət qədər çoxdur. Çox təəssüf ki, 1992-ci ildə ilk dəfə Azərbaycanda İİV-ə yoluxduğu aşkarlanan şəxs də Rusiyadan gələn azərbaycanlı miqrant idi”.
Şöbə müdiri əlavə edib ki, QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyata götürülənlər sayı 2012-ci ildən artıq stabilləşib: "Təqribən hər il 550-600 nəfər İİV-ə yoluxan şəxslər qeydiyyata götürülür. Xəstələrin ümumi sayında isə azalma olmur. Çünki xəstəliyin müalicəsi ömürlük olduğu üçün ümumi say il-ildən artır. Tutaq ki, insan vərəmdən müalicə olunur, sağalır və qeydiyyatdan çıxarılır. Amma İİV-ə yoluxma ilə bağlı belə hal olmur. Çünki xəstəlik və xəstəliyin müalicəsi ömürlükdür”.
Qeyd: Natiq Zülfüqarov məslə ilə bağlı
Medicina.az saytına geniş müsahibə verib. Həmin müsahibəni sabah oxuya bilərsiniz.
Çingiz Əliyev
Medicina.az