Ötən il Azərbaycanda 52 nəfər qızılca xəstəliyinə tutulub.
Bu barədə Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Məlumata əsasən, xəstəliyə tutulanlardan 35 nəfəri kişi, 17 nəfəri qadın, 10 nəfəri isə 0-17 yaş qrupuna aid şəxslərdir. Bundan başqa, 2018-ci ildə 15870 nəfər suçiçəyi xəstəsi kimi qeydə alınıb ki, onlardan 8517-si kişi, 7353-ü qadın, 13780-i 0-17 yaş aralığına aiddir. Komitədən bu ilin statistikası haqqında da məlumat verilib.
Bildirilib ki, bu ilin yanvar-iyun ayları ərzində 279 nəfər qızılca xəstəliyinə tutulub. Onlardan 140 nəfəri kişi, 139 nəfəri qadın, 62 nəfəri isə 0-17 yaş qrupunda olan xəstələrdir. Bundan başqa 2019-cu ilin 6 ayı ərzində 11301 nəfər suçiçəyi xəstəsi kimi qeydə alınıb. Xəstələrdən 6089-u kişi, 5212-si qadın, 9543-ü isə 0-17 yaş aralığında olanlardır.
Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən il ölkə üzrə suçiçəyi xəstəliyindən biri qız, biri oğlan olmaqla 2 nəfər ölüb. Qızılca xəstəliyindən isə ölüm halı qeydə alınmayıb.