Bu qış Avropada havanın temperaturunun son iki illə müqayisədə daha aşağı olacağı gözlənilir. Avropa Ortamüddətli Hava Proqnozları Mərkəzinin yayımladığı məlumatda bildirilir ki, əslində, belə bir temperatur enişi əvvəlcədən proqnozlaşdırılmamışdı.
Bəzi meteoroloqlar bu dəyişikliklərin stratosferin qəfil istiləşməsi ilə əlaqədar olduğunu, bu prosesin isə Yerin qütblərində soyuq hava kütlələrini saxlayan qütb burulğanının zəifləməsinə səbəb ola biləcəyini qeyd edirlər.
Bu fonda Azərbaycanda bu il qış fəslinin necə keçəcəyi maraq doğurur.
Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova Oxu.Az-a açıqlamasında bildirib ki, ölkə ərazisində qışın necə keçəcəyi Ümumdünya Meteorologiya Təşkilatının Regional iqlim mərkəzlərinin hazırladığı fəsillik proqnozlara əsasən hesablanır:
"Qeyd etmək lazımdır ki, qısamüddətli və ortamüddətli proqnozlardan fərqli olaraq, uzunmüddətli fəsillik hava proqnozunun dəqiqliyi daha aşağı olur".
G.Abbasova əlavə edib ki, uzunmüddətli proqnozlar ümumi qlobal tendensiyaları əks etdirsə də, konkret bir ölkə üçün dəqiq hava vəziyyəti haqqında fikir vermir.
"Dekabr ayında Azərbaycanın əksər bölgələrində havanın ortaaylıq temperaturunun və yağıntıların miqdarının iqlim normasına yaxın olacağı, bəzi rayonlarda isə yağıntıların bir qədər çox olacağı proqnozlaşdırılır.
Azərbaycanın çoxillik meteoroloji məlumatlarına əsasən, adətən, yanvar və fevral aylarında ölkə ərazisində soyuq arktik hava cərəyanlarının təsiri daha çox olur. Bu səbəbdən, qış fəslinin nisbətən mülayim keçəcəyi gözlənilsə də, bəzi günlərdə hava şəraitinin şaxtalı və qarlı olacağı da istisna edilmir.
Ümumilikdə, Azərbaycanda bu qış mövsümü əvvəlki illərlə müqayisədə sərt olmasa da, bəzi günlərin soyuq keçəcəyi, qar yağacağı gözlənilir", - deyə G.Abbasova vurğulayıb.