2021-ci ilin yanvar-noyabr ayları ərzində icbari tibbi sığorta çərçivəsində 211 uşaq üzərində kardiocərrahi əməliyyat icra olunub.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən
Medicina.az -a verilən məlumata görə, əməliyyatlar Agentlyin müqavilə bağladığı özəl tibb müəssisələrində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində həyata keçirilib. Əməliyyat olunan şəxslər arasında 2-3 aylıq körpələr də olub. Ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan vətəndaşlar növbəlilik prinsipi əsasında əməliyyat olunublar. Məlumat üçün bildirək ki, vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı davam edir.
Qeyd olunmalıdır ki, perinatal dövrdə meydana çıxan ürək-damar pozuntuları, qan-damar sisteminin anadangəlmə inkişaf qüsurlarının müayinə və müalicəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır. Əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, reanimasiya və stasionarda yatış, yatış müddətində təyin edilmiş laborator və instrumental müayinə xərcləri, histopatoloji, sitopatoloji müayinələr, fizioterapiya, həkim təqibi Xidmətlər Zərfi çərçivəsində təmin edilir.
Son zamanlar müxtəlif media mənsublarında ayrı-ayrı şəxslərin cərrahi əməliyyat olunmaları üçün əhalidən vəsait toplamaq məqsədi daşıyan müraciətlərə rast gəlinir. Bu yaxınlarda məşhur media qurumu tərəfindən dərc olunan 3 yazı Agentlik tərəfindən araşdırılmışdır. Həmin şəxslərlə əlaqə saxlanılarkən məlum olmuşdur ki, onlara icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər göstərilmişdir. Vəsaitin toplanılması isə əslində xəstəliklə əlaqədar digər ehtiyacların qarşılanması ilə bağlı olmuşdur.
Vətəndaşların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin bir daha diqqətinə çatdırmaq istərdik ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə 2550 sayda tibbi xidmət təminata alınır. Tibbi xidmətlərin 950-sini cərrahi əməliyyatlar təşkil edir. Həmin əməliyyatlar sırasına koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi, oynaqdaxili endoprotezləşdirmə, aorto-koronar şuntlama əməliyyatı, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, eləcə də minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə əməliyyatları və bir sıra digər əməliyyatlar daxildir. Qeyd edək ki, dövlət proqramları çərçivəsində müalicə və müayinəsi qarşılanan xəstəliklərlə bağlı tibbi xidmətlər, habelə kosmetik prosedurlar və plastik cərrahiyyə, orqan transplantasiyası, süni mayalanma və stomatoloji xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil deyil.
Vətəndaşlardan, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələrindən xahiş olunur ki, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin göstərilməsi ilə bağlı çətinlik olduqda ilk növbədə aidiyyəti quruma (tibb müəssisəsi/TƏBİB/Agentlik) müraciət etsinlər.