Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Bu günə qədər heç bir xəstəliyim olmayıb” - 114 yaşlı Şabikə nənə

  • 2019.03.06 14:01
  • 6238 Baxış
“Bu günə qədər heç bir xəstəliyim olmayıb” -  114 yaşlı Şabikə nənə
 


Axundova Şabikə Fərhad qızı Lənkəran rayonunun Boladi kəndində yaşayır. O, kəndin ən yaşlı sakinidir. Şabikə nənənin nə az, nə çox, düz 114 yaşı var.


Medicina.az xəbər verir ki, Oxu.Az-ın əməkdaşları 114 yaşlı qadının evində olub, onunla söhbətləşiblər:


Şabikə Axundovanın şəxsiyyət vəsiqəsində 1905-ci ildə anadan olduğu qeyd edilib. Şabikə nənə deyir ki, bu yaşa çatmasına əsas səbəb ömür boyu fiziki işlər görməsi olub:


- Şağlaser kəndində doğulmuşam. Ailə qurub Boladi kəndinə gəlin gəlmişəm. Ailədə üç bacı, üç qardaş olmuşuq. Bacı-qardaşlarım dünyasını dəyişib. Mən fiziki işlərlə çox məşğul olurdum. Əsasən, çay yığırdım. Həyət-bacada işləyirdim.


- Neçə övladınız var?


- Doqquz övladım – beş oğlan, dörd qızım var. Qızlarımdan biri dünyasını dəyişib.


- Nəvə-nəticələriniz çox olar.


- 40 nəvəm, 20-yə yaxın nəticəm, doqquz kötücəm, iki yadıcam var. Bakıda yaşayırlar. Hərdən darıxıram onlar üçün. Arada gəlib məni görürlər.


- 114 il ömür yaşamısınız. Həyatda peşman olduğunuz məqamlar olub?


- Yaddaşımda çox şeylər qalmayıb. Amma peşmançılığım olmayıb. Allah rəhmət eləsin, yoldaşım çox yaşı adam olub, çox xoşbəxt günlər yaşamışıq.


- Yoldaşınızla sevib evlənmişdiniz?


- Məni çox sevirdi (gülür). Sevib evlənmişəm. Yoldaşım o vaxt məni gəmi ilə qaçırmışdı. Bir-birimizə çox dəyər verirdik. İndiki sevgilər kimi deyildi. Təəssüf ki, yoldaşımı tez itirdim. Onun sağlığında həyatımın ən gözəl günlərini yaşamışam.


- Yoldaşınızı tez itirdiyinizi dediniz. Sonra yenidən ailə həyatı qurmaq istəmisiniz?


- 1994-cü ildə yoldaşımı itirmişəm. Qadın bir dəfə ailə qurar. Ömür boyu da o insanla həyatını başa vurar. Mən heç vaxt yoldaşımdan sonra ikinci bir insanla ailə qurmağı düşünməmişəm.


- Bu yaşda darıxdığınız kimsə var?


- İnsanın həyatda ən çox sevdiyi övladları olar. Mən övladlarımdan bir qızımı itirmişəm. Onun üçün çox darıxıram. Bir də yoldaşım üçün. Yoldaşımın yanına getmək üçün gün sayıram.


- Qarşıdan 8 Mart gəlir. Kimdən hədiyyə gözləyirsiniz?


- Yoldaşım yanımda olanda mənə hər şey alırdı. İndi heç kimdən heç nə gözləmirəm. Uşaqlarım hədiyyə olaraq nələrsə alır, sağ olsunlar.


- 114 yaşınız var. Gün ərzində nələr edirsiniz?


- Bir oğlumun həyat yoldaşı mənə kömək edir. Evdə çox iş görə bilmirəm, artıq yoruluram. Yemək bişirib gətirir. Heç nəyə ehtiyacım olmur. Pensiyamı alıram, tapşırıram oğluma, istədiklərimi alıb gətirir.


- Həqiqətən, şirindir, yoxsa?


- Yəqin, şirin olar. Şirindir.


- Səhhətinizdə nə problemləriniz var?



- Heç bir problemim yoxdur. Bu günə qədər heç bir xəstəliyim olmayıb. Amma yaddaşım zəifləyib, çox şeyləri xatırlaya bilmirəm. 


- Övladlarınıza hər hansı vəsiyyətiniz varmı?


- Böyük oğluma vəsiyyət etmişəm ki, mən öləndə yoldaşımın yanında dəfn etsinlər. Qəbrimin üstündə çadır qursunlar, molla üç gün "Quran” oxusun. Bütün zinət əşyalarımı da gəlinlərim arasında bölüşdürsünlər.


- Həyatda gerçəkləşməsini istədiyiniz arzunuz qalıbmı?


- Bütün arzularıma çatmışam. Övladlarımı evləndirmişəm, nəvələrimin toyunu görmüşəm. Tək arzum odur ki, Allah onlara sağlam, uzun ömür versin.