Azərbaycan həkimləri istirahət bilmədən və ailələrindən uzaqda hər gün sakinlərimizin həyatına son qoyan görünməz düşmən - COVID-19-a qarşı mübarizəni davam etdirirlər. Mərkəzi Neftçilər Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Gülarə Abbasova düz üç aydır ki, evdən uzaqdadır. O, karantin rejimində qalanlar üçün ayrılmış hoteldə yaşayaraq, hər gün 12 saat işləyir. Respublikanın hər yerindən ən ağır koronavirus xəstələri xəstəxanaya onun yanına düşür.
Media.Az həkimlə koronavirusun məkrliyi, boğulan xəstələri xilas cəhdləri və cəmiyyətin dəstəyinin olmaması barədə danışıb.
Medicina.az həkimin açıqlamasından maraqlı məqamları təqdim edir:
"Xəstələrimi əsasən kəskin tənəffüs çatışmazlığından əziyyət çəkirlər. Sadə dillə desək, xəstələr boğulur. Qanlarında oksigen səviyyəsi (saturasiya) çox aşağı olur. Normalda 100 olmalıdır. Məsələn, təngnəfəslik, nəfəs darlığı və boğulma ilə insanlar gəlir, onlarda saturasiya 40-60 aralığında olur. Bu vəziyyətdə beyinin hipoksiyası müşahidə olunur.
Bildiyiniz kimi, beynin həyati funksiyaları üçün ilk növbədə qanla nəql olunan oksigen lazımdır. Qaz mübadiləsi sistemi sayəsində ağciyərlər qanı oksigenlə doydurur. Koronavirusun yaratdığı tənəffüs çatışmazlığı səbəbindən bu baş vermir və xəstələr, sadəcə, boğulur. Beyinin ölməməsi, yəni hipoksiyanın qarşısını almaq üçün bu xəstələr mütləq intubasiya edilməlidirlər. Endotraxeal borunu traxeyaya daxil edirik və onları ağciyərlərin süni ventilyasiyası cihazına qoşuruq. Bu andan etibarən ASV cihazı artıq ağciyər funksiyasını öz üzərinə götürür. Belə xəstələrə həkimlərimiz tam nəzarət edir, bizim əsas işimiz budur.
Bu iş elə də asan deyil: cihaza qoşdun, vəssalam. Boy və çəkidən asılı olaraq, hər insanın öz tənəffüs həcmi var. Üstəlik, həkimlər orqanizmi həyati funksiyalarla təmin etməlidirlər. Xəstə ASV-yə qoşulduqdan sonra medikamentoz komaya salınır. Əgər o, şüurlu vəziyyətdə olarsa, öz tənəffüsü aparata müqavimət göstərər, buna isə yol vermək olmaz.
Xəstələrin vəziyyəti mütəmadi olaraq rentgen şəkilləri ilə izlənilir. Nəticələr dəhşətli olur: bu gün çəkirsən - vəziyyəti sabitdir, ertəsi gün çəkirsən - ağciyərlər, sadəcə, yoxa çıxıb. Ağciyər fibrozu müşahidə olunur. Yəni ağciyər toxuması fibroz toxuma ilə qarışır, üstəlik, virus mənşəli pnevmoniya və kəskin tənəffüs çatışmazlığı sindromu yaranır. Bu xəstələrlə xüsusi məşğul olmaq lazımdır: çox əziyyətli işdir.
Hesab edibəm ki, indi ikinci dalğadayıq, xəstəliyin pik həddini görürük. Hər gün xəstələrin sayı artır. Kimin halının pisləşəcəyi, kimdə olmayacağını bilmirik. Xəstəliyin iki həftədən sonra özünü necə göstərəcəyini bilmirik.
Ancaq sadə elementar karantin qaydalarına riayət etmək - 1,5-2 metrə qədər sosial məsafəni qorumaq, restoranlarda masalar arasında 2,5 metr məsafə qoymaq, tibbi maskalar taxmaq, əl gigiyenasına nəzarət etmək və izdiham olan yerlərə getməkdən çəkinmək lazım idi. Axı, virus hava-damcı yolu ilə ötürülür. Danışarkən belə görünməyən mikrozərrəciklər bir metr məsafəyə yayılır. Mağazalarda da yoluxmaq mümkündür.