Bir çoxları zəhərlənmədən çəkindiyi üçün göbələk yemir. Habuki bu tərəvəzin çox spesifik dadı və bəzi hallarda faydası var. Lakin sirr deyil ki, sıravi vətəndaşlar göbələyin zəhərli olduğunu ayırd etməkdə çətinlik çəkir və buna görə də sonda faciə yaşanır. Elə Abşeronda bir ailənin dörd övladından ikisinin göbələk zəhərlənməsindən dünyasını dəyişməsi, digərlərinin ömürlük əlil olması bu məsələdə bir daha ciddi bir siqnal oldu.
Bəs göbələk sevənlər nə etməlidirlər?
Zəhərli göbələyi zəhərsiz göbələkdən necə ayırmaq olar? Göbələkdən zəhərlənmə zamanı nə etməli?
Medicina.az ailem.az-a istinadən Azərbaycan Tibb Universitetinin toksikoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyevlə bu haqda olan söhbəti təqdim edir:
Göbələk – çətin həzm olunan məhsuldur
İ.Əfəndiyev qeyd edir ki, göbələkləri yeməli, şərti yeməli, praktiki yeyilməyən və zəhərli göbələklərə bölmək olar: "Ümumiyyətlə, qeyd etmək lazımdır ki, bütün yeməli göbələklər çətin həzm olunan məhsullara aiddirlər. Göbələklərin əsas tərkib hissəsini göbələk lifi və xitinəbənzər maddələr təşkil edir ki, bunlar da orqanizm tərəfindən çətin həzm olunur və yüksək fermentativ aktivliyə - sekresiya və sorulmanın kəskin gücləndirilməsinə malikdirlər. Buna görə də qida rasionunda yeməli göbələklərin üstünlük təşkil etməsi həzm traktının, qaraciyər funksiyasının ciddi pozğunluqlarına gətirib çıxarır. Xüsusilə, qidada göbələklərdən istifadə edən, mədə-bağırsaq traktının xroniki xəstəliklərindən (qastrit, pankreatit, xolesistit və s.) əziyyət çəkən insanlara ehtiyatlı olmağı tövsiyə edirik”.
Həkim bildirir ki, Şimalda və Şərqdə yaşayan bir çox millətlərin, eləcə də, ənənəvi Azərbaycan mətbəxində hazırlanan yeməklərdə göbələklərdən istifadə olunmur.
Bu göbələyin ən kiçik hissəsi də adamı öldürür
Respublika ərazisində yetişən ən zəhərli göbələk Solğun əzvay (Amanita cinsinə məxsus) göbələyidir. Bu göbələyin hətta kiçik bir hissəsinin yeyilməsi ölümə səbəb ola bilər. Solğun əzvayın toksinləri termostabildir və onun qaynadılması, qurudulması və qızardılması zamanı dağılmır. Dadı və iyinə görə qurudulmuş və ya bişirilmiş zəhərli göbələyi yeməli göbələkdən ayırd etmək olmur. Göbələkləri yığarkən, adətən, solğun əzvayı şampinyon göbələyi ilə səhv salırlar.
Solğun əzvay göbələyinin tərkibində bir neçə zəhərli qrup maddələr vardır, ən zəhərlisi isə amanitinlərdir. Bu göbələyin toksinləri əsasən qaraciyərə təsir etməklə, qaraciyər və qan hüceyrələrini məhvinə səbəb olur. Nəticədə, qaraciyərin distrofiyası və nekrozu inkişaf edərək, ölümə gətirib çıxarır.
Tarixi şəxsiyyətləri bu göbələklə zəhərləyiblər
Yəqin, bir çoxları bilir ki, b.e.ə. I əsrdə məşhur Lakusta Roma imperatoru Klavdiyanı solğun əzvay göbələyi ilə zəhərləyərək öldürmüşdü. Bundan əlavə, Senekanın şahidliyinə əsasən, Klavdiyanın həyat yoldaşı Aqreppinanın xahişi ilə onun oğlu Neronun rəqibləri (Roma taxtına görə): imperator Klavdiyanın uşaqları - Bretaniks və Oktaviya və imperator Avqustanın nəvələri – Yunius və Markus bu üsulla aradan götürülür. Üstəlik, Aqrippina oğlu Neron üçün potensial təhlükəli sayılan imperator mühafizəsi kapitanı Serenusu da öldürməyə qərar verir. Bilərək ki, kapitan yeməyi öz ordusu ilə eyni qazandan yeyir, buna görə də bütün qida zəhərli göbələk ilə zəhərlənmişdir və nəticədə kapitan 100 əsgəri ilə birlikdə ölmüşdür. Tarixdə bu, ən böyük cinayət hadisəsi sayılır ki, burda cinayət aləti kimi Solğun əzvay göbələyinin zəhərindən istifadə olunub.
Təəssüf ki, müasir təbabətdə Solğun əzvay göbələyinin zəhərinə qarşı spesifik bir antidot yoxdur. Lakin bu o demək deyil ki, göbələklər ilə zəhərlənmələrin müalicəsi mövcud deyildir. Göbələklər ilə zəhərlənmələrin kompleks müalicəsində venadaxilinə dezintoksikasion məhlulların yeridilməsi, qanın dializ və hemosorbsiya üsulları ilə təmizlənməsi, qaraciyərin qorunması üçün xüsusi preparatların yeridilməsi, hiperbarik oksigenasiya və digər üsullardan istifadə olunur.
Tibb elmi bir yerdə dayanmır. Bu yaxınlarda, məsələn, alimlər zəhərli göbələklərdən zəhərlənmə zamanı çox yaxşı tanınan penisillin dərmanının müalicəvi effektini aşkar etmişlər.
Göbələk ağır zəhərlənmə verir
İ.Əfəndiyevin sözlərinə görə, zəhərlənmənin ilkin simptomları göbələyin qəbulundan 6-48 saat sonra özünü göstərir. Təəssüf ki, bu vaxta qədər toksinlərin çoxu artıq bağırsaqdan qana sorulur və dağıdıcı funksiyası işə başlamış olur. Zəhərlənmə kəsilməyən qusma, qarın ağrısı, tez-tez duru ishalla başlayır. Qan təzyiqi enir, sarılıq yaranır, qaraciyər isə böyüyür. Uşaqlar isə göbələk zəhərinə qarşı daha həssasdırlar.
İlkin yardım tədbirləri kimi mədə və bağırsaqları təmizləmək, zərərçəkmişə aktivləşdirilmiş kömür vermək və ən qısa zamanda toksikoloji mərkəzə çatdırmaq lazımdır.
Son illər ərzində toplanan statistik məlumatlara baxsaq, il ərzində göbələkdən zəhərlənmə hadisələrinin sayı 50-60-ı keçmir. Əgər bu məlumatların ölümlə faizinə baxsaq, görərik ki, bu zəhərlənmələrdən ölüm hallarının sayı məsələn, zəhərli ilanlardan ölənlərin sayına bərabərdir. Xüsusən, bu zəhərlənmə uşaqlarda proqnostik ağırdır.
Yol kənarından göbələk almayın!
Qeyd etmək lazımdır ki, bir çox yeməli göbələklər müəyyən inkişaf dövrlərində özlərində müxtəlif zəhərli maddələr toplayırlar. Bundan əlavə, ekoloji cəhətdən əlverişsiz bölgələrdə yetişən göbələklər özlərində külli miqdarda toksiki ağır metallar, kanserogen maddələr, avtomobil yanacaqlarının natamam yanma məhsullarını toplayırlar. Buna görə də nəqliyyat yolları kənarında satılan göbələkləri almaq tövsiyə edilmir. Avropanın bir çox ölkələrində təbii şəraitdə toplanan göbələklərin istifadəsinə qadağa qoyulub və yalnız süni şəkildə qapalı yerlərdə yetişdirilməsinə icazə verilir.
Qarabasma verən göbələklər
Sonda onu da qeyd edək ki, son vaxtlar isə hallüsinasiya verən göbələklər haqqında şayiələr gəzir. Bu, doğrudur - hallüsinasiya (onları hətta "sehrli” də adlandırırlar) verən göbələklər mövcuddur. Bu göbələklər Psilociba sinfinə aiddirlər və LSD ilə eyni təsirə malikdirlər. Bu göbələklərin vətəni Şimali Amerika sayılır və əsrlər boyu hindilər tərəfindən dini mərasimlərin aparılmasında istifadə olunurdu. Bu göbələkləri yedikdən 30-60 dəqiqə sonra insanın ətraf mühitdəki reallığı qavraması pozulur, məsələn "səsi görmək”, "işığı eşitmək” kimi hallüsinasiyalar əmələ gəlməyə başlayır. Xoşbəxtlikdən, Azərbaycanda belə göbələklər bitmir, lakin Avropanın qərb ölkələrində və Rusiyada bu göbələkləri satış məqsədilə süni şəraitdə yetişdirilir və İnternet qlobal şəbəkəsi vasitəsilə satışa buraxılır. Buna görə də Azərbaycanda gənc nəsil bu təhlükəli maddələrin riski altında ola bilər.