Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu ev heyvanları bizə xəstəlik keçirmir, ƏKSİNƏ, ONLARDAN QORUYUR

  • 2018.11.30 20:28
  • 14879 Baxış
Bu ev heyvanları bizə xəstəlik keçirmir,  ƏKSİNƏ, ONLARDAN QORUYUR
30 noyabr tarixi bir çox ölkələrdə Ümumdünya ev heyvanları günü kimi qeyd edilir. Bu günün qeyd edilməsi insanların ortaq yaşayış yerini və qidasını köməksiz canlılarla paylaşmasına diqqət çəkmək məqsədi daşıyır. 


Ev heyvanlarını insanlar hələ qədim dövrlərdən əhilləşdirərək öz məqsədləri üçün, həmçinin də qida kimi istifadə etməyə başlayıb. Müasir zamanda da ev heyvanlarını ətindən, südündən, yunundan istifadə etmək üçün, bəzilərindən təsərrüfat işləri üçün saxlayırlar. Bəzi ev heyvanları isə sadəcə dekorativ olaraq bəslənilir.   


Dünyada heyvanlara sahib çıxılması üçün geniş kampaniyalar aparılsa da, ölkəmizdə bu işə isti yanaşılmır. Evdə heyvan saxlamaq çoxuna xəstəlik mənbəyi təsiri bağışlayır. Əsasən də kiçik uşaqları olan ailələr it, pişik kimi ev heyvanlarını evdə saxlamağın düzgün olmadığını vurğulayaraq hər hansı bir yoluxucu xəstəliyə və qurda yoluxmaqdan ehtiyat edirlər.


Medicina.az xəbər verir ki, tibdə ev heyvanlarının insana, əsasən də uşaqlara müalicəvi təsir göstərdiyi təsdiqlənib. 


Ev heyvanları bir neçə yüz illərdir ki, insanları bir çox xəstəliklərdən müalicə edir, əvəzində isə sadəcə olaraq yatmağa yer və qida istəyirlər. 


Heyvanların insana müalicəvi təsiri tibbə keçən əsrin 70-ci illərindən məlumdur.  

Əvvəllər yalnız İngiltərə xəstəxanalarında tətbiq edilən bu müalicə metodu daha sonralar bir çox ölkədə tətbiq edilməyə başlanılıb. 


Medicina.az ev heyvanları vasitəsilə tətbiq edilən müalicə üsullarını təqdim edir:

 

1.Felinoterapiya – pişiklər vasitəsilə tətbiq edilən terapiya növü 


Statistikaya görə,  evdə pişik saxlayan insanlar saxlamayanlarla müqayisədə 5 dəfə az həkimə gedirlər. Alimlər bildirirlər ki, pişiklər güclü biosahələri sayəsində insana müalicəvi təsir göstərərək daxili orqanların işini normaya salmaq qabiliyyətinə malikdirlər. Aparılan araşdırmalara görə, pişiklər nevroz, depressiya, ürək-damar xəstəlikləri, tənəffüs və həzm sisteminin patologiyaları, endokrin və cinsi xəstəliklər zamanı müalicəvi təsir göstərir. Bundan əlavə pişiyin xırıltısı insana səs terapiyası kimi müsbət təsir edir. Məlum olub ki, pişiyin xırıldaması sümük sınıqları, artrit, osteoxondroz, oynaq xəstəlikləri zamanı yaxşı təsir göstərir.

 

2. Kanisterapiya – itlər vasitəsilə tətbiq edilən terapiya növü 


Psixoterapiyada müalicə məqsədilə tətbiq edilən heyvanların 95%-i itlərdir. Bu terapiya növü əsasən fiziki məhdudiyyətli şəxslərin reabilitasiyasında, qocalar evində, reabilitasiya mərkəzlərində daha uğurla tətbiq edilir. 


İtlərlə həyata keçirilən oyunlar, xüsusi prosedurlar pasiyentlərin stressini azaldır, qan təzyiqini normallaşdırır, psixoloji vəziyyətlərini yaxşıya doğru dəyişir, həyəcanı aradan qaldırır. İybilmə qabiliyyətləri sayəsində itlər hətta diabet xəstələrinin qanında şəkər səviyyəsinin artıb-azalmasını da xəbər verə bilirlər.  

 

3. Hippoterapiya – at tərkində hərəkətlə tətbiq edilən terapiya növüdür 


At çapmaq zamanı bir qrup əzələlərin tonusda qalmasına yardımçı olur. Həmçinin də  at belində gəzmək psixoterapevtik effekt verir. 


4. Balıqlar – akvariumda üzən balıqları bir müddət müşahidə etmək insanı depressiyadan, əsəb sarsıntısından, o cümlədən də bir çox psixoloji problemlərdən azad edir. Bu terapiya üsulu həddən artıq aktiv insanların daha sakit və rahat olmalarını təmin edir.

 

5. Quşlar – quşların oxumasının terapevtik təsiri hələ Qədim Hindistanda müəyyən edilib və müalicə kimi tətbiq edilməyə başlayıb. Quşların oxumasını dinləmək sinir, ürək-damar sisteminə sakitləşdirici təsir göstərir. 


6. Kiçik ev heyvanları – bir çox insanlar evdə dovşan, xamyak kimi bir sıra kiçik məməli heyvanlar saxlayırlar. Onlarla təmas insanı rahatlaşdırır, daha mülayim və mehriban edir. Həmçinin də bu heyvanları sığallayarkən yumşaq xəzləri sayəsində insanın əzələ sistemi rahatlayır, emosional gərginlik, həyəcan və aqresiya kimi hallar aradan qalxır.  


7. Reptililər – son zamanlarda tısbağa, buqələmun kimi reptililəri evdə saxlamaq dəb halını alıb. İnanılması çətin olsa da, reptililərlə ünsiyyətin insanın davranışlarında, sinir sisteminin işinin bərpasında, emosiyaların idarə olunmasında rolu böyükdür. Bundan əlavə bu heyvanlar epilepsiya, kəmağıllıq, xroniki pnevmaniya, neyrodermit xəstəliklərində də çox kömək olurlar. 


Arzu

Medicina.az