Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AME) oktyabr ayında apardığı ekspertizalar zamanı bəzi dərman vasitələrinin qeydiyyata alınması ilə bağlı müraciətlərə xitam, bəziləri barəsində isə mənfi rəy verib.
Medicina.az xəbər verir ki, Türkiyənın "Sofram Gida San. Tic. Ltd. Şti" şirkətinin istehsalı olan Festal Şokolad-Yetkin Qadınlar Üçün (baton 25 q) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair müvafiq rəy vermək mümkün deyil. Belə ki, məhsulun qablaşması ilə tərkibinə aid verilən sənəd bir-birilə uyğunlaşmır. Tərkibə aid sənəd "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın tələblərinə uyğun deyil. Eyni zamanda, Azərbaycan Respublikasının Dərman Vasitələrinin Dövlət Qeydiyyatında yuxarıda adı çəkilən məhsul ilə eyni adlı dərman vasitəsi mövcuddur.
Rumıniyanın "SC Laboratoarele Remedia SRL." şirkətinin istehsalı olan 001.05.19 seriyalı Kalsiart (tablet №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə keçirilən ekspertiza zamanı müəyyən olunub ki, məhsulun orta çəkisi istehsalçı tərəfdən təqdim olunan göstəriciyə uyğun deyil. Ekspertiza nəticəsində məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün olmayıb. Belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmayıb.
Türkiyənin "Koç İlaç Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz.İth.İhr.San.Tic.Ltd.Sti." şirkətinin istehsalı olan Ferrokoc (tablet, №60) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə aparılan ekspertiza nəticəsində C vitamininin miqdarı 24.4 mq/tab (NS -ə əsasən 30.0 mq+/-10%, 27-33 mq/tab) olaraq aşkar edilib. Buna görə də məhsulun qeydiyyata alınması ilə bağlı müraciətə xitam verilib.
Xitam verilən müraciətlər sırasında İtaliyanın Pharmaguida S.R.L-Piopp şirkətinin istehsalı olan "Bimbovit Ferro" (damcı) da olub.
AEM təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Microfleb/Mikrofleb (tablet, №30) adlı məhsulla bağlı mənfi rəy verib.
Rəydə bildirilir ki, Microfleb/Mikrofleb venoz durğunluğu aradan qaldırmaq üçün tövsiyə olunan vasitət olub öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş "Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr"-in tələblərinə əsasən məhsulun tərkibində olan Melilotus officinalis bitkisi BFMQƏ-in tərkibində istifadə üçün qadağan olunan bitkilərinin siyahısına daxildir.
AEM-in mənfi rəy verdiyi digər məhsul Qırmızı qıllıca (Krasnaya şötka çayı, 30 q № 1) olub.
Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Qırmızı qıllıca adlı məhsul qadınlarda endokrin və sidik - cinsiyyət sistemin normal fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan preparat olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan Rhodiola quadrifida bitkisi (ərizəçi tərəfindən təqdim olunmuş sənədlərə əsasən) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş "Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr"ində göstərilən monokomponent BFMQƏlərin tərkibində istifadə olunmayan Rhodiola rosea bitkisinə yaxındır. Ərizəçi Rhodiola quadrifida bitkisinin monokomponent BFMQƏ-lərdə istifadəsinə dair kifayət qədər məlumat təqdim etməyib.