Abşeron yarımadasında və sahilyanı ərazidə yerləşən çimərliklərin monitorinqi aparılıb.
Medicina.az xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov "Çimərlikdə dəniz suyunun monitorinqi" mövzusunda danışarkən deyib.
O bildirib ki, monitorinqlər Bakı şəhərində yerləşən 7 rayonu əhatə edib: "Eyni zamanda respublikanın cənub və şimal zonalarında və Sumqayıtda da monitorinqlər həyata keçirilib. Əsasən çimərlik ərazisində dəniz suyunun 3 nöqtəsindən - mərkəzi, sağ və sol - nümunə götürülüb. Bağırsaq çöplərinin miqdarı müəyyən olunur. Bu standartdan yuxarı olursa, insanlarda xəstələnmə hallarına səbəb ola bilər. Çirklənməyə əsas səbəb məişət-çirkab suları heç bir təmizləmə aparılmadan dənizə buraxılmasıdır".
Şöbə müdiri deyib ki, iyunun 10-15-də monitorinqlərin nəticələri barədə geniş məlumat veriləcək.
Ziyəddin Kazımov qeyd edib ki, aparılan monitorinqlərin nəticəsinə görə, Xəzər və Binəqədi rayonu ərazisindəki çimərliklərdən vətəndaşların istifadə etməsi məqsədəuyğundur.
O vurğulayıb ki, Qaradağda Sahil, Səbaildə Şıx, Hövsan və Türkan çimərliklərindən vətəndaşların istifadə etməsi məqsədəuyğun sayılmır.