Əvvəllər kənddə yaşayan hər kəsin dolabında meyvə və ağacların yarpaq, qabıq və kök qurularından ibarət "ev apteki” olardı. İndi həmin ənənə demək olar ki, aradan çıxsa da, hələ bəzi evlərdə buna rast gəlmək mümkündür. "Ev əczəxanası”nda saxlanılan bu məhsullar xəstəliklər zamanı çox işə yarayır. Əsas cəhəti isə odur ki, heç bir ziyanlı tərəfi yoxdur və maliyyə baxımından da sərfəlidir.
Bəs bu "ev əczəxanası”nda nələr olur?
Alma qabığı
Ən keyfiyyətli sirkə alma qabığından alınır. Alma tumu yod və xərçəng əleyhinə təsir göstərən maddələrlə zəngindir.
Şaftalı yarpağı
Şaftalı yarpağı kölgədə qurudulur, bərabər miqdarda gavalı yarpağı qurusu ilə qarışdırılıb dəmlənilərək yeməkdən əvvəl içilməsi öd durğunluğunda faydalıdır.
Gilənarın zoğu
Gilənar ağacının budağının uc hissəsindəki zoğlar yığılıb qurudulur, qışda soyuqdəymə əleyhinə ən təsirli və tərlədici vasitədir. Gilas saplaqları sidikqovucu kimi həm də böyrəkləri və sidik yollarını iltihabdan təmizləyir, arıqlamağa kömək edir.
Heyva yarpağı
Heyva yarpağının dəmləməsi soyuqdəymə və öskürəkdə faydalıdır. Yarım çay qaşığı heyva tumunu bir stəkan soyuq suya atın, bir qədər gözləyəndən sonra mədə yarası, qastrit və öskürək zamanı yeməkdən əvvəl için.
Söyüd yarpağı
Söyüd yarpağı qurusu revmatizm zamanı dəmləmə kimi içilir.
Çiyələk saplağı
Çiyələk saplaqları kölgədə qurudulur, qaraciyər xəstəliklərində və öd mənşəli köpmələrdə dəmlənilib içilir.
Şabalıd qabığı
Şabalıd meyvəsi qabıqlarının dəmləməsi böyrək daşlarını əridir və prostatit əleyhinə təsir edir. Bunun üçün 2 xörək qaşığı şabalıd qabığı 3 stəkan suda dəmlənilir və gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir.
Fındıq yarpağı
Fındıq yarpağı dəmləməsi pozulmuş qan dövranını bərpa edir. Əl və ayaqlarda həmişə soyuqluq olanda dəmləməyə bal əlavə edilərək gündə 3 dəfə 1 stəkan içilir.
Qoz arakəsmələri
Qoz arakəsmələri yığılaraq qəhvəüyüdəndə üyüdülür və 100 qramı yarım kiloqram bal ilə qarışdırılaraq məcun hazırlanır. Həmin məcundan gündə 2 dəfə 1 çay qaşığı 1 stəkan suya qarışdırılaraq içilir. Məcun yod çatışmazlığını aradan qaldırır, beyin damarlarını açır və beynin qidalanmasını yaxşılaşdırır. Qoz ağacının cavan yarpaqları yığılıb qurudulur, uşaqlarda və böyüklərdə avitaminoz zamanı dəmlənilir və bal əlavə edilərək içilir. Qurudulmuş qoz yarpaqları qəhvəüyüdəndə toz formasına salınır, xına ilə qarışdırılır və dəmlənilib saçlara qoyulanda tünd şabalıdı rəngə boyanır.
Nar qabığı
Nar qabığı qurudulur və 1 stəkan suya 2 çay qaşığı əlavə edilib 5 dəqiqə qaynadılır, süzülərək bal əlavə edilib ishal zamanı içilməsi əvəzolunmazdır. Nar qabığının dəmləməsi ilə qarqara edən zaman ağız yaraları sağalır və diş əti bərkiyir.
Əzgil saplağı
Əzgil saplağının dəmləməsi qanlı ishalı aradan qaldırır.
Zeytun yarpağı
Təzyiq və şəkər zamanı hər gün zeytun yarpağı dəmləməsi içilir.
Soğanın qabığı
Soğanın qabıqları olduqca faydalıdır. İki ovuc soğan qabığı 2 litr suda vam ocaqda 10 dəqiqə qaynadılır, babasil xəstəliyi zamanı gündə bir dəfə yarım saat bu dəmləmənin içində oturmaq düyünləri kiçildir.
Kələm qabığı
Kələmin ən vitaminli yeri atılan qabıqlarıdır, onu soyanda vitamini azalır.
Limon qabığı
Limonun qabığı qurudulub saxlanılır, köp və həzmsizlik zamanı çay kimi dəmlənilib içilir.
Portağal qabığı
Portağal qabıqları qurudulub saxlanılır, qurudulmuş qabıqdan 100 qram yarım kiloqram balla qarışdırılıb məcun hazırlanır, gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yeyilməsi təsirli qurdqovucu vasitədir.
Medicina.az