“Pseudomonas aeruginosa” Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ən təhlükəli patogenlər siyahısında yer alır.
Medicina.az xəbər verir ki, insanların əksəriyyəti gündəlik həyatlarında “Pseudomonas aeruginosa” ilə qarşılaşsalar da, adətən heç bir zərər görmürlər. Ancaq uyğun şərtlər yarandıqda bu bakteriya bədənin müdafiə sistemini yararaq ölümcül ola bilir.
Kembric Universitetinin alimlərinin rəhbərlik etdiyi tədqiqatçılar dünyanın müxtəlif yerlərində, bəziləri 1900-cü ilə aid olan insan, heyvan və s. qalıqlarından təxminən 10 min bakteriya nümunəsi toplayıblar. Beləliklə, “Pseudomonas aeruginosa” ilə yaxından əlaqəli 596 virus növündən ibarət genetik “nəsil ağacı” yaradılıb.
Xəstəliklərin əksəriyyətinin onlardan 21-i ilə əlaqəli olduğu müəyyən edilib.
Son 200 ildə sürətlə inkişaf edən bu virus növlərinin təhlükəli infeksiyalara səbəb olduğu üzə çıxıb.
Hər il yarım milyona yaxın insan bu bakteriya səbəbilə ölür. Buna səbəb onun antibiotikə davamlı olmasıdır.
Elm adamları son 200 ildə daha çox izdihamlı yaşayış məntəqələrinin salınması və bunun nəticəsində havanın çirklənməsinin insanları infeksiyaya qarşı həssaslaşdırdığını, həmçinin bu bakteriyaların sürətlə yayılmasına səbəb olduğunu düşünürlər.
Təyyarə yanacağında belə yaşaya bilən bu bakteriya güclü uyğunlaşma qabiliyyəti ilə xəstəxana şəraitində də ölümcül ola bilər.
Kistik fibroz və bronşektazi kimi xroniki ağciyər xəstəliklərindən əziyyət çəkən və xəstəxanada müalicə olunan insanlar bu bakteriyaya qarşı xüsusilə həssasdırlar.
Məlum olub ki, bakteriyanın bəzi növləri kistik fibrozlu xəstələrdə inkişaf edir, onunla mübarizə aparmalı olan makrofaqlarda yerləşərək immun sistemindən yayınır.
“Klinik baxımdan baxsaq, bu araşdırmanın Pseudomonas haqqında əhəmiyyətli məlumat verdiyini görürük. Bizim diqqətimiz həmişə bu infeksiyanın kistik fibroz xəstələri arasında necə asanlıqla yayıldığına yönəlib. Lakin məlum olur ki, o, digər xəstələr arasında da həyəcan verici dərəcədə asanlıqla yayıla bilər. Bu məlumat həm də daha effektiv təcrid tədbirlərinin işlənib hazırlanmasına ehtiyac olduğu qənaətinə gətirib çıxarır”, - deyə tədiqqatçı Andres Floto deyib.
Qeyd edək ki, bir çox ölkədən alimlərin daxil olduğu tədqiqatın nəticələri “Science” elmi jurnalında dərc olunub.
Aysel