Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu apteklərdə yararsız dərmanlar məhv edildi

  • 2023.05.23 14:05
  • 2087 Baxış
Bu apteklərdə yararsız dərmanlar məhv edildi

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 2023-cü ilin yanvar-aprel ayları ərzində ölkə ərazisində bioloji aktiv qida məhsullarının dövriyyəsini həyata keçirən 189 aptekdə yoxlama aparılıb.


"Medicina" xəbər verir ki, yoxlamalardan 183-ü planlı, altısı isə plandankənar olub. Nəzarət tədbirləri zamanı 128 aptekdə uyğunsuzluq aşkar edilib. Uyğunsuzluq aşkarlanan apteklərdən 109-da sanitar norma və qaydalara əməl olunmaması, üçündə malların satışı zamanı mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi, 12-də yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulunun satışı, 14-də sözügedən məhsulun etiket məlumatlarının qanunvericiliyin tələblərinə cavab verməməsi, dördündə isə qida təhlükəsizliyi sertifikatı olmadan satılması müəyyən edilib. Həmin apteklərin vəzifəli şəxsləri barəsində agentlik tərəfindən inzibati məsuliyyət tədbirləri görülüb. Həmçinin apteklərdən 18-də bioloji aktiv qida məhsulunun satışının dayandırılması, 12-də həmin məhsulların satışının qadağan olunması və məhv edilməsi barədə qərarlar qəbul olunub. Yoxlama zamanı 61 aptekin nəticəsi qənaətbəxş olub.

Həmçinin cari il ərzində bioloji aktiv qida məhsullarının satışı ilə bağlı 223 aptekdə monitorinq aparılıb. Monitorinq həyata keçirilən apteklərdən birində qida təhlükəsizliyi sertifikatı olmayan, beşində Azərbaycan dilində markalanmayan, ikisində içlik vərəqində qeyd edilən saxlama müddəti ilə üzərində göstərilən saxlama müddəti müxtəlif olan, üçündə etiket məlumatlarında müxtəlif müalicəvi xarakterli təsirlər qeyd edilən, birində yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulları aşkarlanıb. Həmin məhsulların satışdan kənarlaşdırılması ilə bağlı aptek rəhbərlərinə icrası məcburi göstərişlər verilib.


Eyni zamanda, nəzarət tədbirləri zamanı bir sıra idxalçılar tərəfindən ölkəyə gətirdikləri bioloji aktiv qida məhsullarına qida təhlükəsizliyi sertifikatı aldıqdan sonra etiketində qanunvericiliyə zidd olaraq müvafiq dəyişikliklər edildiyi müəyyən olunub.

Belə ki, istifadə təlimatında qanunvericiliyin tələbləri pozularaq “Nes Group” MMC və “Esam Ltd” MMC tərəfindən idxal edilən müvafiq məhsulların müxtəlif xəstəliklərin kompleks müalicəsində və profilaktikasında istifadə olunan preparat kimi qeyd edildiyi aşkarlanıb. Həmçinin yaşı 7, 12 və 18-dən yuxarı olan şəxslər üçün nəzərdə tutulan bəzi məhsulların istifadə təlimatında və qablaşdırılması üzərində dəyişikliklər edilərək, “0 yaşdan başlayaraq müxtəlif yaş aralıqları üçün istifadəsi uyğundur” yazıldığı aşkar olunub.

Faktlarla əlaqədar müvafiq tədbirlər görülüb, eləcə də məhsulların dövriyyəsinin dayandırılması və satış obyektlərindən geri çağırılması ilə bağlı qərarlar qəbul edilib.