Çinar ağacının yarpaqları bir çox tibbi problemlərin müalicəsində xeyirli vasitə sayılır.
Medicina.az xəbər verir ki, bu barədə Azərtac-a Avropa Tibb Akademiyasının üzvü, fitoterapevt Elnur Rəhimov məlumat verib.
E.Rəhimov çinar ağacının yarpaqlarının hüceyrəyeniləyici xüsusiyyətə malik olduğunu və bu keyfiyyətinə görə ondan yanıq yaralarının müalicəsində istifadə edildiyini bildirib: "Çinar yarpaqları bel ağrılarına kömək edir. O, saç dərisini yaxşılaşdırır, diş ağrılarının azalmasına müsbət təsir göstərir. Bu bitki diş əti müalicəsində də faydalı vasitədir”.
Həkim yanıqlar zamanı daha bir faydalı bitkinin zanbaq olduğunu deyib: "Ondan çəkilmiş yağ xalq təbabətində yanıq yaralarının müalicəsində geniş istifadə edilir. Bitkinin həlimi və soğanağı da yarasağaldıcı keyfiyyətə malikdir. Zanbaq gülündən çəkilmiş nektarın zeytun yağında saxlanıldıqdan sonra yara və yanıqlara çəkilməsi yaxşı səmərə verə bilər”.
Onun sözlərinə görə zanbaq yağından qulaq ağrıları zamanı da istifadə etmək olar. Yağı qulağa damızdırmaqla ağrıkəsici effekt əldə etmək mümkündür.
Qeyd edək ki, Çinar ağacının yarpağı sədəf xəstəliyinə də kömək edir.